İlk dəfədir ki, 28 Mayı qalib ölkə kimi qeyd edirik

 İlk dəfədir ki, 28 Mayı qalib ölkə kimi qeyd edirik
  28 May 2021    Oxunub:906
“Bu gün azərbaycanlıların Şuşalı, Ağdamlı, Zəngilanlı, Qubadlılı, Cəbrayıllı, Hadrutlu qeyd etdiyi ilk Respublika bayramıdır. Bu, bizim üçün çox böyük qürur mənbəyidir”.

Bunu Azvision.az -a tarixçi alim, jurnalist Nəsiman Yaqublu Cumhuriyyətimizin yaranmasının 103 illiyindən danşarkən deyib.
O, qeyd edib ki, Azərbaycan cumhuriyyətinin yaradılması tariximizin ən böyük hadisəsidir:

“1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması elan edildi. Bu gün bizim dövlət olmaq günümüzdür. Bu günün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz ilk dəfə olaraq hüquqi prinsiplərə əsaslanan, milli mənəvi dəyələrə söykənən dövlət qurduq. Biz əvəllər də dövlətlər qurmuşuq. Amma bu dövlətlər müəyyən bir sülalələrə, nəsillərə əsaslanıb. İlk dəfə demokratik prinsipə və hüquqi əsaslara söykənən dövləti 1918-ci ildə qurduq. Bu dövlətin 23 aylıq mövcudiyyəti dövründə çox böyük işlər görüldü. İlk olaraq Azərbaycanın Milli Ordusu yaradıldı. Bu ordu Azərbaycanın 114 min kvm-lik ərazisinə nəzarət etdi. Daha sonra Azərbaycanın parlamenti yaradıldı. Bu da yeni bir hadisə idi. Avropa xalqları üçün parlamentariya mədəniyyət sistemi yeni deyildi, onların tarixində artıq 13-cü əsrdən başlayaraq parlament mədəniyyəti formalaşmışdı. Amma bizim üçün bu yeni idi. Çünki biz çar Rusiyasının tərkibində yaşayırdıq və çar Rusiyasına qanunverici oran olan parlament mədəniyyəti 1906-cı ildə gəlib. Rusiya Avropa ölkələri ilə müqayisədə bir sıra məsələlərdə geridə qalırdı.1906-cı ildə ilk dəfə Rusiya Dövlət Duması yaradılıb. 12 il sonra isə biz Azərbaycan parlamentini yaratdıq".



Tarixçi alimin sözlərinə görə, təcrübəmizin az olmasın baxmayaraq, Avropa dövlətlərinin səviyyəsində yaradılmış bir parlament oldu. Bu parlament 17 aylıq fəaliyyəti dövründə 270-ə qədər qanunu müzakirəyə çıxardı və 230 qanun tətbiq edildi.

"Bu qanunlar Azərbaycan insanının həyatında hiss edildi, kağızda qalmadı. İctimai, siyasi, hüquqi, iqtisadi, məhkəmə islahatları və təhsil sahəsində qanunlar işləyirdi, güclü, demokratik və iqtisadi cəhətddən potensialı yüksək olan bir dövlət qurulurdu. Və nəhayət, Azərbaycan cumhuriyyəti 1920-ci il yanvarın 11-də 20 dən çox dünya dövləti tərəfindən De-fakto tanındı. Bu da çox böyük bir hadisə idi ki, Azərbaycan adlı dövləti dünyanın böyük dövlətləri tanıyırlar və bizim təqdim etdiyimiz tanınma xəritəsində 114 min kvm- lik Azərbaycanda Qarabağ, Zəngəzur var, Borçalı məsələsi gürcülərlə mübahisəli olaraq qalırdı. Azərbaycan cumhuriyyəti 23 aylıq mövcudiyəti dövründə hər sahədə böyük uğurlara imza atmışdı.



Milli Ordumuzun yaradılması çox böyük hadisə idi. Azərbaycanlıları çar Rusiyasında hərbi xidmətə aparmırdılar. Biz isə 25 min nəfərlik ordu yaratmışdıq. Azərbaycan tarixində ilk dəfə olaraq cumhuriyyət üsul idarəsinə keçdik . Bizim dövlətimizin adı oldu: Azərbaycan cumhuriyyəti. Rəsulzadə hələ 1917-ci ildə yazırdı ki, bu, bütün xalqın cumhuriyyəti olmalıdır. Ona görə də bizə cumhuriyyəti-ənam lazımdır. Bu gün dövlətçilik tariximizin zəngin səhifələrini təşkil edir. Cumhuriyyəti quran şəxsiyyətləri - Məhəmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Əlimərdan bəy Topçubaşovu, Xosrov bəy Sultanovu, Xudavət bəy Rəfibəylini, Həsən bəy Ağayevi və digərlərini şükranlıqla yad edirik.

1991-ci ildə Azərbaycan müstəqillik əldə edən zaman müstəqilllik aktında bu sözlər yazıldı: “1918-1920-ci illərdə mövcud olan Azərbaycan cumhuriyyətinin hüquqi, siyasi, mənəvi varisləriyik”.



Bu gün Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi zəfərlər bizim hər birimizdə böyük qürur doğurur. Bu qürur hissini vaxtı ilə 1918-1920-ci illərdə yaşamışdıq. O dövrdə də Qarabağ azad olub, Zəngəzur Azərbaycanın nəzarətində idi. Vətəndaşlarımızda qalib əhval- ruhiyyəsi var idi. Bu gün də Qarabağ bizim nəzarətimizdədir. Həmin əhval insanlarımıza qayıdıb. 44 günlük müharibədən, uğurlarımızdan sonra bir məqalə yazdım. Həmin məqalədə bu fikirləri vurğuladım ki, 2020-cı ilin sentyabrın 27-nə qədərki Azərbaycan insanı ilə 44 güdən sonra qalib ölkənin insanlarının xarakterində, davranışında çox ciddi fərqlər var. Mübahribəyə qədər əhvalı pozuq, ruh düşkünlüyü olan vətəndaşlar var idisə, müharibədən sonra biz qürurlu bir Azərbaycan vətəndaşı görürük. İlk Respublika bayramıdır ki, bu günü Şuşalı, Ağdamlı, Zəngilanlı, Qubadlılı, Cəbrayıllılı, Hadrutlu qeyd edirik. Bu, bizim üçün çox böyük qürur mənbəyidir”.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Respublika-Günü   28-May  





Xəbər lenti