Türk dünyasının ortaq internet televiziyası fəaliyyətə başladı

  28 May 2021    Oxunub :425
Türk dünyasının ortaq internet televiziyası fəaliyyətə başladı
Bu gün türk dünyasının ortaq internet televiziyası MEDIATURK TV fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, türk dünyasının mediakörpüsü olmağı hədəfləyən televiziya türklərin yaşadığı geniş məkana xitab edəcək. Müstəqil türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı türk xalqlarının sıx məskunlaşdığı bütün coğrafiyada olacaq.

Türk dünyasının diasporu, parlamenti, siyasəti, təhsili, ədəbiyyatı, mədəniyyəti, mediası, tarixi, iqtisadiyyatı və səhiyyəsini, demək olar ki, bütün varlığını MEDIATURK TV-də tam şəkildə görə biləcəksiniz.

Televiziyanın təsisçiləri Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev və Əməkdar jurnalist Elşad Eyvazlı, baş redaktoru isə gənc jurnalist Nəzrin Abduldur.

MEDIATURK TV-nin yaranması və hədəfləri barədə danışan Cavanşir Feyziyev bildirib ki, kanalın 28 May günündə fəaliyyətə başlaması təsadüfi deyil: “28 May hər bir azərbaycanlı üçün əziz gün olmaqla bərabər, həm də bütün türk dünyasının dövlətçilik təkamülündə dərin iz buraxmış şanlı bir tarixdir. 1918-ci ilin bu günündə türk dünyasının ilk respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub.

Bu gün açılışını elan etdiyimiz MEDIATURK internet tv kanalı ümumi gələcək haqqında türk dünyasının arzularının gerçəkləşməsinə xidmət edəcək. MEDIATURK hələ ki internet televiziyası kimi bütün türk ölkələrində yaşayan soydaşlarımızın maddi və mənəvi dəstəyi ilə fəaliyyət göstərəcək. Əminəm ki, bu kanal dünya türklərini biri-birinə yaxınlaşdıran, doğmalaşdıran və nəhayət, sevdirən bir cazibə mərkəzinə çevriləcək”.

Kanalın həmtəsisçisi Elşad Eyvazlı isə qeyd edib ki, platforma türk dünyası jurnalistlərinin fikir mərkəzi, doğma evi olacaq: “MEDIATURK Türk Dünyasına xidmət üçün yaradılıb. Çalışacağıq ki, türk toplumunun dünyadakı səsi olaq. Qarşıda uzun bir yol var. Bu yolda dünyada yaşayan hər bir türkün dəstəyinə ehtiyacımız olacaq”.


Azvision.az

Teqlər: Televiziya