Vaşinqtonda Respublika Günü qeyd edilib

Vaşinqtonda Respublika Günü qeyd edilib
  29 May 2021    Oxunub:936
28 may tarixində Respublika Günü münasibətilə Vaşinqtonda ABŞ dövlət rəsmilərinin iştirakı ilə rəsmi tədbir keçirilib, Vaşinqtonun tarixi mərkəzində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasından (USACC) Azərbaycan və ABŞ-ın dövlət bayraqları asılıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-Azərbaycan Ticarət Palatasının idarə heyətinin sədri Rza Vəziri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, ABŞ Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Laura Kuper, Vaşinqton şəhər merinin protokol və beynəlxalq məsələlər ofisinin rəhbəri Patrisia Elvud, ABŞ Dövlət Departamentinin və Müdafiə Departamentinin nümayəndələri, ABŞ şirkətlərinin və təşkilatlarının rəsmiləri, Türkiyənin ABŞ-dakı Səfirliyinin hərbi attaşesi və hərbi attaşelik apparatının nümayəndələri, səfirliyin əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində ilk öncə iki dövlətin bayrağının asılma mərasimi müşahidə edildi. Daha sonra, USACC-ın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq, tədbiri açıq elan etmək üçün sözü USACC idarə heyətinin sədri Rza Vəziriyə verdi. Rza Vəziri 28 May - Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışdı, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirdi.

Daha sonra, səfir Elin Süleymanov 28 May - Respublika Gününün Vaşinqtonda hər il minə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd olunduğunu, ancaq koronavirus pandemiyası səbəbindən son iki ildə belə bir tədbirin təşkilinin mümkün olmadığını qeyd etdi. Vaşinqtonda ötən ilin mart ayından etibarən ilk dəfədir qonaqların qatıldığı və virtual olmayan belə bir tədbirin keçirildiyini və bunun məhz Respublika Gününə təsadüf etdiyini xüsusilə vurğuladı. Bu xüsusda, əlamətdar günün qeyd edilməsinə imkan yaratdığına görə USACC-yə minnətdarlığını bildirdi. Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən bəhs edən səfir şəhər meri tərəfindən 28 may tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdıraraq, bu səbəblə tədbirdə iştirak edən şəhər Meriyasının rəsmisinə təşəkkür etdi.

Səfir E.Süleymanov müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay müddətində əldə etdiyi nailiyyətlərdən, 1991-ci ildə müstəqillikdən sonra 20-ci əsrin əvvəlində təməli qoyulmuş Respublika ənənələrinin inkişaf etdirilməsindən bəhs etdi, müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regionun aparıcı dövlətinə çevrildiyini xüsusi vurğuladı.

E.Süleymanov Azərbaycanın müstəqilliyi dövründə ABŞ-ın ölkəmizə verdiyi dəstəyin əhəmiyyətli olduğunu, bunun hər iki ölkənin milli marağında olduğunu qeyd etdi. Səfir bununla yanaşı, müstəqilliyimizin möhkəmlənməsində verilmiş dəstəyə görə Türkiyə Cümhuriyyətinə öz minnətdarlığını bildirdi. Türkiyənin hər üç Cənubi Qafqaz dövlətləri ilə birgə sərhədə malik olduğunu və vacib geosiyasi aktor qismində rolunu diqqətə çatdırdı.

Səfir son 30 ildə ilk dəfədir ki, müstəqilliyin işğal altında olan torpaqlarımızın azad olunması şəraitində qeyd edildiyini, işğal faktorunun aradan qalxması ilə bölgəmizdə fundamental əməkdaşlıq, Ermənistanla xoş qonşuluq münasibətləri üçün olduqca əlverişli imkan yarandığını bildirdi.

Dövlət katibinin köməkçisinin müavini Corc Kent Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik etdi. Respublika Günü tədbirinin ötən il pandemiya başlayandan sonra onun qatıldığı ilk virtual olmayan rəsmi tədbir kimi əhəmiyyətini vurğuladı və buna görə təşəkkürünü bildirdi.

Son 30 ildə ABŞ-ın Azərbaycanın uğurlu, tərəqqi edən, təhlükəsiz və suveren dövlət olması üçün davamlı olaraq dəstək verdiyini bildirdi. ABŞ-Azərbaycan münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə etdi.

Enerji təhlükəsizliyi sahəsində son 30 ildə həyata keçirilmiş əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırdı və Xəzər dənizi hövzəsinin enerji resurslarının Avropaya çatdırılmasına əhəmiyyətli rol oynayan Cənub Qaz Dəhlizi və digər kəmərlərin təhlükəsizliyin təməllərindən olduğunu bildirdi. Azərbaycanla Türkmənistan arasında Xəzər Dənizində “Dostluq” yatağı üzrə razılaşmanın vacibliyindən bəhs etdi. Azərbaycanın təhlükəsizlik, terrorçuluq əleyhinə mübarizə və Əfqanıstanda verdiyi dəstəyə görə ABŞ-ın minnətdar olduğunu vurğuladı.

Bölgədə ötən ilki müharibədən sonra yaranmış vəziyyətdən danışan Corc Kent, regional əməkdaşlığın formalaşmasına, sülh və tərəqqi yaranmasında ABŞ-ın həm ikitərəfli əsasda, həm də Minsk Qrupu həmsədri kimi daim dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırdı.

Daha sonra çıxış edən ABŞ Müdafiə katibinin köməkçisinin müavini Laura Kuper Respublika Günü və müstəqilliyimizin 30 illiyi münasibətilə öz səmimi təbriklərini çatdırdı. Müstəqil, suveren və demokratik cəmiyyətlərin ən yaxşı şəkildə tərəqqi etməyi və böyüməyi bacaran cəmiyyətlər olduğunu qeyd etdi. Azərbaycanın müstəqilliyi boyu ölkələrimizin vacib strateji məsələlər üzrə əməkdaşlıq etdiyini, enerji təhlükəsizliyi, terrorçuluq əleyhinə mübarizə sahəsində münasibətləri vurğuladı. Son 20 ildə Azərbaycanın Əfqanıstanda sarsılmaz dəstəyinə görə təşəkkür etdi.

Bu il eyni zamanda, Oklahoma ilə Azərbaycan arasında Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın 18-ci ilinin qeyd olunduğunu diqqətə çatdıran Laura Kuper, bu əməkdaşlıqdan məmnunluğunu bildirdi.

ABŞ rəsmiləri və qonaqlar Respublika Günü tədbirinin pandemiyadan sonra onların qatıldıqları ilk rəsmi toplantı kimi əhəmiyyətini dəfələrlə vurğuladılar.

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti