Yaponiyada Azərbaycan sərgisi maraqla qarşılandı
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, gündəlik tirajı altı milyon nüsxə olan “Mainiçi Şimbun” qəzetində dərc edilmiş “Beynəlxalq Əməkdaşlıq Sərgisini 1100 nəfər ziyarət etmişdir” sərlövhəli məqalədə qeyd edilir ki, Yaponiyada yaşayan yerli və əcnəbi xalqların nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, sıx dostluq və mehriban qonşuluq münasibətlərinin formalaşması məqsədilə hər il ənənəvi sərgilər təşkil edilir. Bu yaxınlarda belə sərgilərdən biri öz füsunkar təbiəti ilə seçilən İto şəhərində təşkil edilmişdir. Həmin sərgidə İto şəhərinin qardaşlaşdığı Avstraliya, Fransa, İngiltərə və İtaliya şəhərləri ilə yanaşı, Azərbaycanın İsmayıllı rayonu da ilk dəfə təmsil olunub.
Məqalədə bildirilir ki, ötən ilin noyabrında İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında imzalanmış dostluq mübadiləsi sazişinə əsasən, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə fəxri qonaq kimi tədbirə dəvət edilib.
Ümumilikdə 1100 nəfərin ziyarət etdiyi sərgidə Azərbaycan stendinin təqdim etdiyi mədəniyyət nümunələri-xalçalar, şərablar, yapon dilində ədəbiyyat və mətbəx məhsulları ilə böyük maraq doğurub.
İto şəhərinin yerləşdiyi Şizuoka prefekturasının mətbuat orqanları olan “Şizuoka” və “İzo” qəzetlərində də sərgi haqqında xüsusi məqalələr dərc edilmiş, burada ilk dəfə təqdim edilmiş Azərbaycan stendindən bəhs olunub.
“Şizuoka” qəzetində dərc edilmiş “Əcnəbi mədəniyyətin təqdimatı: İto şəhərində Beynəlxalq Əməkdaşlıq Sərgisi” başlıqlı məqalədə şəhər meriyasında təşkil edilmiş tədbirin yerli sakinlər tərəfindən böyük maraqla qarşılandığı bildirilir. Qeyd edilir ki, İto şəhəri ilə əlaqəsi olan əcnəbi ölkələrin mədəniyyətinin təqdim olunduğu mərasimdə keçən ilin noyabrında İto şəhəri ilə dostluq mübadiləsi sazişi imzalanıb Azərbaycanın İsmayıllı şəhəri ilk dəfə iştirak edib.
Vurğulanır ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə açılış mərasimindəki çıxışında Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərini yüksək qiymətləndirib, belə sərgilərin müxtəlif xalqların mədəniyyətlərinin öyrənilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Səfir, həmçinin bildirmişdir ki, belə tədbirlər həm də hər bir xalqın öz mədəniyyətini başqa xalqlara göstərmək baxımından əhəmiyyətlidir.
Sərgidə nümayiş etdirilən Azərbaycan mədəniyyəti nümunələrinin, İsmayıllıdan gətirilmiş bal, şərab və çərəzin iştirakçılar tərəfindən böyük maraqla qarşılandığı məqalələrdə qeyd edilib.
Teqlər: