“Şuşanın talışlara nə aidiyyəti?”

“Şuşanın talışlara nə aidiyyəti?”
  29 Mart 2013    Oxunub:2714
3 talış ziyalısı Şuşada açılan “Tolışstoni sədo” radiosuna görə Əhmədinejada müraciət edib.
Martın 20-dən işğal altında olan Şuşa şəhərində “Talışıstanın səsi” adlı radio yayımlanmağa başlayıb. Radionun yaradılmasında əsas məqsəd Azərbaycanda yaşayan talışları Azərbaycanın əleyhinə təşkilatlandırmaqdır. Məsələyə ölkə daxilində kəskin etirazlar bildirilib, sosial şəbəkələrdə də qızğın müzakirələr aparılıb.

Əslən talış olan müəllim İltifat Rəhimzadə “Bakı-Xəbər” qəzetinə açıqlamasında separatçı rejimin nəzarəti altında olan bir ərazidə talış dilində radionun işə salınmasının özü özülüyündə hər şeyi dediyini bildirib.

Vaqif Əhmədoğlu adlı başqa bir talış ziyalısı isə hesab edir ki, Şuşada yaradılan bu radionun qarşısını Azərbaycanın açacağı talışdilli radio ilə almaq olar. Onun fikrincə, bu, təxribat xarakterli bir hadisədir: “Talış radiosu Şuşada necə açıla bilər? Şuşanın talışlara nə aidiyyəti? Sadəcə olaraq, bu milləti, bu xalqı gözdən salmaq məqsədi güdülür”.

Bu arada əslən talış olan üç Azərbaycan vətəndaşı Rabil Abdinov (“Hirkan” jurnalının redaktoru), Ataxan Əbilov (hüquq müdafiəçisi), Rafiq Cəlilov (Respublika Talış Mədəniyyəti Mərkəzinin sədri) İran prezidenti Mahmud Əhmədinejada müraciət edib.

Müraciətdə deyilir ki, radio aparıcılarının danışıq tərzinin linqivistik analizinin nəticəsi güman etməyə əsas verir ki, həmin şəxslər İran ərazisində yaşayan talışlardır: “Ehtimal edirik ki, həmin radio şirkətində İran vətəndaşı olan talışlar çalışır. Xahiş edirik ki, vətəndaşlarınızın Azərbaycanın nəzarətsiz ərazisində çalışmasını əngəlləyəsiniz. Sizin ölkənin vətəndaşları Azərbaycan ərazisi olan Şuşa şəhərinə rəsmi viza ilə daxil ola bilər. Lakin onlar bunu etməyib. Bununla həm ölkəmizin qanunlarına, həm də İslam dininin prinsiplərinə zidd olaraq, Qarabağda şəhidlərimizin axan qanına hörmətsizlik ediblər.

İstiqlalçı deputat, əslən lənkəranlı olan tanınmış ziyalı Hacıbaba Əzimovun sözlərinə görə, ölkədə etnik zəmində qarşıdurma yaratmaq istəyən qüvvələr var: “Rusiya, İran, Ermənistan kəşfiyyatı əlbir işləyir. Onlar etnik zəmində qarşıdurma tərəfdarıdırlar və Şuşada açılan radio da bunun bir təzahürüdür. Təəssüf ki, erməni saytları talışları müdafiə edir, bəzi talışlar İranın ”Səhər" kanalında çıxış edirlər, həmin separatçıları da bəzi müxalifət partiyaları müdafiə edir, onların komitələrinin iclaslarında iştirak edirlər. Mən deyəndə həmin müxalifətçilər məni müdafiə etmirlər. Ona görə də adlarını çəkmək istəmirəm".

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti isə yaydığı bəyanatda bildirir ki, sözügedən radionun İranla əlaqəsi yoxdur: “İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək fəaliyyətlərə qarşıdır. İrana qarşı olan bəzi İran vətəndaşları dünyanın bir çox KİV-lərində fəaliyyət göstərməkdədir və belə şəxslərin ”Talışıstan" adlı radioda olması onların İranla əlaqədar olduğu anlamına gələ bilməz".
/yeni müsavat



Teqlər:  





Xəbər lenti