“Bu hədiyyəni sizə atanız göndərib” - Şəhid övladları 1 iyunu necə qeyd edir?

  01 İyun 2021    Oxunub :3086
  “Bu hədiyyəni sizə atanız göndərib”  - Şəhid övladları 1 iyunu necə qeyd edir?
1 iyun ölkəmizdə uşaqların bayramı kimi qeyd olunur. Bayram sevincini yaşayanlar arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları da var.
Azvision.az bir neçə şəhid xanımı ilə əlaqə saxlayaraq, övladlarının bu özəl günü necə qeyd etmələri ilə maraqlanıb.

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, şəhid Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova bildirib ki, övladları Əsmət və Əsnat bu gün televiziyada aparıcılıq edəcəklər.



“Bizim uşaqlar hədiyyəyə önəm verən olmayıblar. Onların həmişə arzusu idi ki, 1 iyunda ataları yanlarında olsun. Bu gün onlar atalarına görə çox gözəl yerlərdə iştirak ediblər. Axşama qədər iştirak edəcəklər. Qızım deyir ki, atamız çox gözəl insandır ki, biz də bu gün çox yaxşı yerdəyik. Qızımın ən böyük arzusu aparıcı olmaq idi. Böyük qızım Əsmət televiziyada bu gün xəbər aparıcısı olacaq. Kiçik qızım Əsnat isə axşam canlı yayıma çıxacaq”.



Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı İsmayıl Səmədovun xanımı Bəsti Səmədova həyat yoldaşının övladlarına sevgisindən söz açıb:

“Böyük övladım Nurgilin 3 yaşı var, oğlum Mehdi isə hələ çox balacadır. Onlara iri yumurta oyuncaq almışam, axşam hədiyyə kimi verəcəyəm. Qızımın fikri tez-tez atasının yanına gedir. Tək bir iyunda deyil, mən onun adi günlərdə də başını qatıram. Atası onları həmişə əyləncəli yerlərə aparırdı. Qızıma qar küpü hədiyyəsi almışdı. Nurgilə çox bağlı idi. Qızı qucağına almamış, oğlumuza yaxın durmazdı. Deyirdi, qız baş tacıdır”.



Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı Kamil Şirinovun Türkay və Tünay adlı iki oğul övladı yadigar qalıb.

“Uşaqlar maşını xoşlayır. Böyük oğlum üçün kiçik maşın qarajı sifariş vermişdim. Ona dedim ki, bu hədiyyəni sənə atan göndərib. İki qardaş oynadılar. Bağçada digər uşaqlarla birlikdə böyük oğlumu əyləncə mərkəzinə aparmışıq. Axşam isə qohumlarla birgə onları aparıb gəzdirəcəyik. Uşaqlara xoş olması üçün hər şeyi edirik. Ötən il Kamil onlarla birlikdə gözəl vaxt keçirmişdi. Uşaqlar üçün ən gözəl hədiyyə atalarının yanlarında olmağıdır”, - şəhidin xanımı Zəhra Şirinova deyib.



Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş giziri, şəhid Sübhan Cəbrayılovun xanımı Sevda Cəbrayılova bu gün övladlarının tədbirlərə dəvət edildiyini vurğulayıb:

“Könüllülər hədiyyələr etdilər. Bu gün övladlarımı müxtəlif tədbirlərə dəvət ediblər. Mən uşaqlarımıza xoşbəxt olmalarını, firavan yaşamalarını arzulayıram. Əlimdən gələni edirəm ki, darıxmasınlar. Sübhan onları hər dəfə gəzdirirdi, hədiyyəsiz qoymurdu. Bir dəfə kitab hədiyyə etmişdi. Əvvəlcədən maraqlanırdı, istəklərinə uyğun hədiyyələr alırdı. Sanki əvvəlcədən bilirdi ki, vəziyyət belə olacaq. Nazları ilə oynayırdı”.



Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Elyar Vəliyevin xanımı Türkanə Vəliyeva həyat yoldaşının hər zaman övladlarına qarşı həssas olduğunu bildirib:

“Böyük övladlarım hədiyyəni, gəzməyi dayılarından istədilər. Nənələri əvvəlcədən hədiyyələrin verib. Atası ötən il böyük oğlum Hüseynə velosiped almışdı. Onlardan nə istəmələri ilə bağlı maraqlanıb, buna uyğun hədiyyələr alırdı. Qızımız Aidəyə isə don hədiyyə etmişdi. Digər uşaqlarımız balaca idi deyə, öz seçdiklərimizi alırdıq. Həmişə uşaqları dəyərləndirmişik. Hətta onlarla bərabər mənə də nə isə alırdı. Deyirdi, sən də uşaq kimisən”.



Şahanə Rəhimli
Azvision.az

Teqlər: 1-İyun   Bayram   Uşaqlar-Günü