Erməni terrorçular məhkəmə qarşısına çıxarılır

 Erməni terrorçular məhkəmə qarşısına çıxarılır
  01 İyun 2021    Oxunub:1309
Ölkə ərazisində terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin Azvision.az-a daxil olan birgə məlumatında bildirilir ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il dekabrın 13-də keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Qubadlıda ekoloji mövzuda tədbir keçirilib
Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Həmin birləşmələrin üzvləri 2020-ci il noyabrın 26-27-də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 2020-ci il dekabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanışetmə həyata keçirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Hadrut   Cinayət  





Xəbər lenti