Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi başladı - FOTOLAR

 Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi başladı -    FOTOLAR
  02 İyun 2021    Oxunub:4117
Birinci Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən erməni terrorçular Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəməsi başlayıb.
Azvision.az xəbər verir ki, cinayət işi üzrə məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev sədrlik edib.

Hazırlıq iclasında dövlət ittihamçısı Mahir Abbasov çıxış edib. Təqsirləndirilən şəxslər və zərərçəkənlər barədə məlumat verilib. Daha sonra anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.

İşlə tanışlıqdan sonra növbəti məhkəmə iclasının iyunun 9-da keçirilməsi qərara alınıb.



Qeyd edək ki, Ermənistan vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistanın İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.



İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.



Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılmış istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistanın vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.



Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağın Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.



Bundan başqa Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.



Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Anar Kəlbiyev
Foto: Anar Bayramlı

Azvision.az


Teqlər: Məhkəmə   Erməni   Terrorçu  





Xəbər lenti