Ermənistanın məğlub ordusu acınacaqlı vəziyyətdədir

 Ermənistanın məğlub ordusu acınacaqlı vəziyyətdədir
  03 İyun 2021    Oxunub:912
İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi qələbəsi və ərazi bütövlüyünün bərpa edilməsi ilə başa çatdıqdan sonra Ermənistan ordusunda xaos hökm sürür. Erməni hərbçilərinin silahlarını satması, nizamnamənin kobud şəkildə pozulması, fərarilik və Azərbaycanla sərhəddə xidmətdən yayınma kimi hallar qarşısıalınmaz həddə çatıb.
Qeyd edək ki, 18 may tarixində əsgər N. Mkrtçyan Vardenisdə ona təhkim edilən postu özbaşına tərk edib. Bunun ardınca, 24 və 25 may tarixlərində iki çağırışçı Mkrtiç Ovannisyan və Artem Melikyan intihar ediblər. Əlbəttə, bu kimi hadisələr erməni ordusunda adi hal alıb. Müharibədəki məğlubiyyətdən sonra ordu sıralarında özbaşınalıq, anarxiya daha da genişlənib və rəhbər şəxslər bu cür xoşagəlməz mənzərənin qarşısını almaqda aciz görünürlər.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın müşaviri olmuş hərbi ekspert David Camalyan yerli KİV-ə açıqlamasında bildirib ki, müharibədən sonra Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti kəskin şəkildə aşağı düşüb və idarəçilikdə ciddi problemlər yaranıb.



Erməni hərbi ekspertin sözlərinə görə, orduya nəzarət azaldıqdan sonra hərbçilərin xidmət etdiyi ərazini tərk etməsi və ya intihar faktları qaçılmaz olub. “Çox acınacaqlı vəziyyətdəyik. Belə bir halda, vətən müdafiəçisi özünü müdafiəsiz hiss edir. Ordu yaralanıb. Aşağı döyüş effektivliyi birbaşa orduda intizam pozuntularına səbəb olur. Beləliklə, döyüş effektivliyindəki azalma mənəvi və psixoloji problemlərə də səbəb olur. Bu cür vəziyyətlərin birbaşa səbəbi nizam-intizam və nəzarətin azalmasıdır”, - deyə D.Camalyan etiraf edib.

Ermənistan ordusundakı xaotik vəziyyət barədə Azvision.az -a danışan hərbi ekspert Ruslan İmanquliyev deyib ki, bir ordunun formalaşması üçün vətən, millət və dövlət sevgisi anlayışı olmalıdır. Əks təqdirdə ordunun qurulması mümkün deyil.

Ekspert xatırladıb ki, ermənilərin hazırda yaşadıqları torpaqlar Azərbaycana məxsusdur. Buna nümunə olaraq İrəvan və Zəngəzuru göstərmək olar:

"Ermənistanda dövlətçilik prinsipləri, dövlətçilik əsasları yoxdur. Bu, Ermənistan ordusunda da belədir. Ermənistan ordusu sürətlə məhvə doğru gedir. Çünki ermənilərin ordu quruculuğu sistemi terrorizm üzərində qurulub. Onlar terrorizm əsasında təşkilatlanıb. Hazırda bir çox terror təşkilatlarında erməni əsilli fəallar təmsil olunurlar".



R.İmanquliyev qeyd edib ki, Vətən Müharibəsində əldə etdiyimiz qələbə ermənilərin xam xəyallarını puça çıxarıb və düşmən ağır məğlubiyyətin şokundan hələ də çıxa bilmir.

"Anladılar ki, bu şəkildə yanaşmaqla hazırda yerləşdikləri torpaqları da itirəcəklər. Ona görə yox ki, o torpaqları biz onların əlindən alacağıq, sadəcə buna məcbur olacaqlar. Bugünkü vəziyyətdə Ermənistanın yenidən ordu formalaşdırması qeyri-mümkün görünür. Bir ordunun formalaşmasında vətən, millət və dövlət anlayışı çox önəmlidir. Bir ordu pulla, terrorçu ənənələrlə idarə olunmaz. Vətən, millət və dövlət anlayışında xəta varsa, bu ordunun yenidən formalaşması qeyri-mümkündür. Ermənistanın məğlubiyyəti bizim haqlı qələbəmizin nəticəsidir. Onların yenidən ordu formalaşdırması mümkün deyil".

Oxşar mövzu:

Ermənistanda biabırçı olay: Əsgər anasına üçayaqlı cəsəd verdilər

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ermənistan   Ordu   Xaos   İntihar  





Xəbər lenti