Ermənilər 30 il Qarabağda narkotik əkməklə məşğul olub
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov Azvision.az -a bildirib ki, Azərbaycan mətbuatında 30 ilə yaxın müddətdə bu məlumatlar işıqlandırılıb.
Deputatın sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyi layihəsində aktiv iştirak edərək sülhə və əməkdaşlığa töhfələr verir, amma Ermənistan isə Avropaya, Rusiyaya narkotik maddələr ötürməklə məşğul olur: "Ermənilər Azərbaycanın işğal altında saxladıqları ərazilərində daim narkotik maddələr əkib-becərib və sataraq gəlir götürüblər. Bu dediklərimiz torpaqlarımız işğaldan azad olunandan sonra bir daha sübut olundu. Hər bir kəndimiz, torpağımız, qəsəbəmiz azad olunandan sonra Azərbaycan tərəfindən səsləndirilən fikirlər öz təsdiqini tapırdı. Belə ki, bu məsələ narkotik maddələr əkilib-becərilən sahələr, plantasiyalar tapılmaqla sübut olunurdu. Yaz aylarında bitkilərin inkişaf dönəmi özünü göstərir. Ermənilər tərəfindən bu illər ərzində əkilmiş narkotik maddələr yenidən üzə çıxır. Hüquq-mühafizə orqanlarımız onları aşkarlayaraq, məhv edirlər".
E.Məmmədov onu da qeyd edib ki, düşmən 30 ilə yaxın işğalda saxladığı ərazilərdə təkcə narkotik əkib-becərməklə məşğul olmayıb, digər qanunsuz əməllər də törədib.
"Səngərlər, müxtəlif istehkam mövqeləri göstərir ki, bizim ərazilərimizdə ermənilərin ASALA və PKK terror təşkilatı ilə birlikdə çoxsaylı təlim mərkəzləri olub. Onların izləri aşkara çıxarılır. Cənab Prezidentin dediyi kimi, düşmən 30 il ərzində dağıdıcılıqla, viran qoymaqla, narkotik əkib-becərməklə, quldurlar, terrorçular yetişdirməklə məşğul olub. Onlar dövlət və dövlət quruculuğu işi ilə məşğul olmayıblar. Bu gün ərazilərimizi işğaldan azad etmişik, düşmənin viran qoyduğu yerləri bərpa edirik, eyni zamanda onların narkotik plantasiyalarının kökünü kəsirirk. Bu ildən etibarən minadan təmizlənmiş ərazilərdə əkin-biçin işlərinə start verilib".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Ermənistan Narkotik Qarabağ