“Bütün təşkilatlar xəritələrin verilməsini tələb etməlidir”

“Bütün təşkilatlar xəritələrin verilməsini tələb etməlidir”
  04 İyun 2021    Oxunub:784
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi bu gün Kəlbəcərdə yaşanmış faciə ilə əlaqədar bəyanat yayıb.
Təşkilatdan Azvision.az -a verilən məlumata görə, bəyanat beynəlxalq təşkilatlara göndəriləcək.

“Bu gün Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda jurnalistlər və onları müşayiət edən mülki şəxslərin olduğu avtobus tank əleyhinə minaya düşüb. Nəticədə ikisi jurnalist olmaqla 3 nəfər həlak oldu və 4 nəfər ağır yaralandı. Bütün beynəlxalq təşkilatlar o, cümlədən də jurnalist təşkilatları bu hadisəyə biganə qalmamalıdırlar. Ermənistan Respublikası işğalda saxladığı müddətdə minaladığı ərazilərin xəritələrini qeyd-şərtsiz Azərbaycana verməlidir”.

Təşkilat xatırlatma edib ki, son 7 ay ərzində 100 milyon kvadrat metr ərazi minalardan təmizlənib və 35 000 ədəd mina zərərsizləşdirilib.

“Lakin təəssüf ki, son 7 ay ərzində mina partlayışları nəticəsində 130 nəfər Azərbaycan vətəndaşı həlak olub və yaralanıb. Xəritələr verilməsə, qurbanların sayı durmadan artacaq. Bütün beynəlxalq təşkilatlar, o cümlədən də jurnalist təşkilatları xəritələrin verilməsini tələb etməlidir”.

Xatırladaq ki, bu gün Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olublar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Mina   Bəyanat  





Xəbər lenti