“Prema Racing”in pilotu birinci sprint yürüşünün qalibi oldu

“Prema Racing”in pilotu  birinci sprint yürüşünün qalibi oldu
  05 İyun 2021    Oxunub:1457
İyunun 5-də Bakıda Formula 2 yarışlarının birinci sprint yürüşünün qalibi müəyyənləşib.
Azvision.az xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Prema Racing” komandasının rusiyalı pilotu Robert Şvartsman birinci olub. “Carlin”in üzvü Dan Tiktum yarışı ikinci, “UNİ-Virtuosi” komandasının pilotu Guanyu Zhou isə üçüncü pillədə başa vurublar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşdə ikinci, “Art Grand Prix”un sürücüsü Theo Pourçaire isə üçüncü olublar.

Daha sonra Formula 2 yarışının sıralanma turu keçirilib. “Hitech Grand Prix” komandasının pilotu Liam Layson sıralama turunun qalibi olub. L.Laysonun komanda yoldaşı Jüri Vips ikinci, “Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü yeri tutublar.

İyunun 5-də saat 17:40-da isə ikinci yarış keçiriləcək. Yarışda pilotlar 21 dövrə vuracaqlar. Üçüncü yarış isə iyunun 6-da saat 12:45-də start götürəcək. Bu dəfə pilotlar 29 dövrədən ibarət yarışda güclərini sınayacaqlar.

Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Abu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Guanyu Zhou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir.

Azvision.az



Teqlər: Formula-1  





Xəbər lenti