Komitə sədri şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşdü

 Komitə sədri şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşdü
  06 İyun 2021    Oxunub:1496
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovla bağlı xatirələrini bölüşüb.
Azvision.az komitə sədrinin şəhid jurnalistlərlə bağlı "Facebook" hesabındakı paylaşımı təqdim edir:

“Hər ikisini çoxdan tanıyırdım, xüsusilə Siracı. İlk dəfə ünsiyyətdə olduqdan sonra çox maraqlı təəssürat oyatmışdı məndə. Zahiri görünüşü ilə tam ziddiyyət təşkil edən xarakteri olduğunu dərhal hiss etmişdim. Adətən çoxsaylı media təmsilçiləri ilə, xüsusilə tədbir öncəsi və sonrası ayaqüstü görüşlərdə kimin kim olduğunu və hansı media qurumunu təmsil etdiyini yadda saxlamaq çətin olur mənim üçün.

Amma bunu Siraca aid edə bilmərəm. Çünki elə ilk baxışdan öz işinə çox məsuliyyətlə yanaşdığı hərəkətlərindən bəlli, pəhləvan cüssəli, sakit təbiətli, simasında ildlrım effektli təbəssümü ilə zahirən çox ciddi, xaraktercə çox mülayim bu qaraqabaq oğlanı heç kimlə səhv salmaq mümkün deyildi.

Son dəfə onu hörmətli Yunis Orucovun işğal olunmuş ərazilərdə Məhərrəmlə birgə apardığı çəkilişlərlə bağlı hazırladığı jurnalist araşdırmasında izləmişdim.

Kamerası ilə yanaşı dayanmışdı. Ən yaxın sirdaşı kimi məhz onun obyektivindən 50 milyonluq azərbaycanlıların gözüylə işğaldan azad olunmuş ərazilərə baxdığını söyləyəndə isə gördüklərinin onu necə sarsıtdığını səsinin titrəyişindən duymuşdum.

Çünki bütün ev-eşiyindən didərgin düşmüş insanların daxili təlatümləri, keçirdikləri hiss-həyəcan mənə yaxşı tanışdır. Hətta onları şəxsən tanımasam belə bu mövzuda bir neçə kəlmə söyləməsi kifayət edir ki, onun mənəvi durumu mənə aydın olsun.

Sirac isə həmin o filmdə təkcə bizim gözümüzlə baxan deyil, həm də gördüklərindən bizim hamımızın yerinə sevinc, qəzəb, təəssüf, eyni zananda qürur hissi keçirən biri olduğunu bu bir necə kəlməsində izhar etmişdi.

İndi Sirac da, Məhərrəm də haqq dünyasındadırlar. Özlərindən sonra kameranın yaddaşına köçürdükləri erməni barbarlığının izləri, insanlığın üz qarası olan faşizmin eybəcər simasını sübut edən faktlar, həmçinin yaxınları və doğmalarına ,eləcə də bizə əmanət etdiyi yadigarları qaldı...

Vətənimin fədakar oğulları, bilin ki, dövlətimiz və xalqımız bütün Şəhidlərimizin xatirəsini hər zaman əziz tutacaq. Müharibə bitdikdən sonra belə can almaqda davam edən düşmən öz layiqli cəzasını alacaqdır. Sizin zəhmətiniz və fədakarlığınızla əldə edilən faktlar isə təkzibedilməz dəlil və sübut qismində insanlıq əleyhinə cinayətlər törətmiş canilərə qarşı ittiham aktında yer alacaqdır.

Uğrunda canınızı fəda etdiyiniz Vətən torpağında nur içində yatın!”.



Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Azvision.az


Teqlər: Bahar-Muradova   Komitə   Şəhid   Jurnalis  





Xəbər lenti