Niderlandda yaşayan azərbaycanlılar aksiya keçirdilər
Əllərində plakat olan ağ köynəkli aksiya iştirakçıları Sülh Sarayı qarşısındakı meydanda dayanaraq, buradan keçən, eləcə də maraqlanıb sual verən yerli sakinlərə Ermənistanın ərazilərimizdə yerləşdirdiyi mina xəritəsini verməkdən imtina etməsi və nəticədə yüzlərlə mülki şəxsin həlak olması haqqında məlumat veriblər. Eyni zamanda, aksiyada Ermənistanın mina xəritələrini verməsi, ötən il noyabrda imzalanmış sülh bəyanatının şərtlərinə qeyri-şərtsiz əməl etməsini tələb edən şüar və şəkillər nümayiş olunub.
Aksiya təşkilatçıları “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və “Odlar Yurdu” Niderland-Azərbaycan Təşkilatının rəhbəri Firəngiz Bağırova, eləcə də bu ölkədə yaşayan diaspora üzvlərimiz Kəlbəcər rayonunda minaya düşərək faciəvi şəkildə həlak olan jurnalistlərin, eləcə də erməni minalarının qurbanı olan mülki şəxslərin səsini Avropaya çatdırmaq üçün əllərindən gələni əsirgəmiyəcəklərini bildiriblər. Belə səssiz aksiyaların Niderlandın müxtəlif şəhərlərində davam edtiriləcəyi bildirilib. Bu ölkədə yaşayan Azərbaycan icması adından beynəlxalq təşkilatlara məktub və bəyanatlar ünvanlandığı diqqətə çatdırılıb.
“Ağ köynək” səssiz aksiyasının cari ilin aprel ayında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi tərəfindən Ermənistan səfirliyinin qarşısında təşkil edilmiş “Sahibsiz ayaqqabılar!” səssis aksiyasının davamı olduğu qeyd edilib. Belə aksiyalarla yerli sakinlərin diqqətinin ermənilərin xalqımıza qarşı törətdiyi faciələrə cəlb edildiyi vurğulanıb.
Azvision.az