Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır
  07 İyun 2021    Oxunub:1538
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, qeydiyyat prosesi mayın 31-dən başlayıb. Abituriyentlər https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Abituriyent seçdiyi 2 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilər.

Qalibiyyət imtahanları üzrə qeydiyyat başlayır
Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssislərinin ixtisaslarını seçən abituriyent­lər təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı 2-si üzrə istənilən sayda komissiya üzrə qeydiyyatdan keçmək imkanına malikdirlər.

Xatırladaq ki, buraxılış imtahanlarının nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər də ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:

- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları;

- Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin şagirdləri üçün keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər.

"Azər­baycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşki­linin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında" Azərbaycan Respublikası Prezidentinin Sərən­camına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

QİK-lər üzrə qeydiyyatdan keçmək ödənişlidir. Lakin “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə, o cümlədən bütün QİK-lər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Memarlıq, İslamşünaslıq və Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün QİK və Dini-psixoloji komissiya üzrə qeydiyyat tarixləri qəbul imtahanının II mərhələsinin nəticələri elan olunduqdan sonra DİM tərəfindən müəyyən ediləcək.

Azvision.az


Teqlər: İmtahan   DİM  





Xəbər lenti