“Antiterror əməliyyatları həyata keçirməliyik” - Partiya sədri

“Antiterror əməliyyatları həyata keçirməliyik” -  Partiya sədri
  07 İyun 2021    Oxunub:1104
“Bir gündə iki jurnalist şəhid oldu, bu faciə ilə əlaqədar Azərbaycanda böyük ajiotaj yarandı, amma dünyanın aparıcı media qurumları, bir çox beynəlxalq təşkilatlar hadisəyə lazımi diqqət ayırmadılar”.
Bunu Azvision.az -a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib. Jurnalistlərin ölümü ilə nəticələnən faciədən təsirləndiyini deyən müxalif partiya sədri Kəlbəcərdəki hadisəyə beynəlxalq təşkilatların soyuq münasibət sərgilədiyini, mina xəritələri ilə bağlı məsələyə biganə yanaşdıqlarını söyləyib.

“Bu faciələr davamlı ola bilər. Çünki burada söhbət Ermənistan ordusu tərəfindən basdırılmış, gizlədilmiş sayı yüz minlərlə olan minadan gedir. Söhbət həm də terrorçu dövlətin cəzasız qalmasından gedir. Dünya ictimaiyyəti məsələyə soyuq yanaşarsa və ya bitərəf mövqe sərgiləyib səssiz qalarsa, ikili standartlar nümayiş etdirərsə, bu, həmin terrorçu dövlətə -Ermənistana cinayətlərini davam etdirməyə stimul verəcək. Kəlbəcər faciəsinə kifayət qədər tutarlı reaksiya verilməməsi tək bir hadisəyə ədalətsiz yanaşma deyil, bu beynəlxalq təşkilatların növbəti faciələrin yaranmasına səbəb ola biləcək susqunluğudur. İki azərbaycanlı jurnalistin ermənilərin basdırdıqları minaların qurbanına çevrilməsi, mina xəritələrinin ortaya qoyulmaması məsələsinə sərt reaksiya verilməməsində müxtəlif səbəblər ola bilər. İkili standartlar, din faktoru və digər amillər var ki, bunlar üst-üstə yığıldığı üçün biz haqlı olduğumuz halda müəyyən mənada haqsız vəziyyətdə görünürük”.

Azərbaycana qarşı olan cinayətlərə dünya birliyinin laqeyd yanaşmasını qınayan Tural Abbaslı ölkəmizin ədalətsizliklə üz-üzə qaldığını qeyd edib:

“Şuşada müharibə zamanı tikililərdən birinin daşı düşmüşdü, həmin vaxt az qala bütün dünya ayağa qalxdı. Heç o kilsəni kimin vurması da bilinmirdi. Yaxud sona çatan münaqişəylə bağlı beynəlxalq təşkilatlardan ən çox verilən bəyanatlardan biri nə olur? Tarixi, dini abidələrin Azərbaycan tərəfindən qorunmasını tələb edirik kimi boş, mənasız fikirlər. Amma biz nə tələb edirik? Dünya vətəndaşlarımızın, dinc əhalinin təhlükəsizliyinin təmin olunmasına görə səsini çıxarsın. İnsan haqlarına bu məsələdə də fərqli yanaşılır. Ortada bir gündə iki jurnalistin və məmurun şəhid olması faktı var. Faciə niyə baş verdi? Çünki İrəvan əlində olan mina xəritələrini vermədi. Təmizlənmiş torpaqlarımızı yenidən minalamağa çalışırlar. Ötən il onlarla diversantın sərhədlərimizi keçərək təxribatlar törətməsi ilə bağlı dünya birliyi Ermənistana qarşı sərt mövqe sərgiləsəydi, bu gün belə mina faciələri yaşanmazdı. Biz dünya ictimaiyyətindən ədalət gözləməməliyik, Ərdoğanın yaxşı fikri var ki, “öz göbəyimizi özümüz kəsməliyik”. Konkret olaraq Ermənistana ultimativ qaydada şərtlərimizi irəli sürməyə başlamalıyıq. Onlar 10 noyabr bəyanatına sözsüz, son detalına qədər əməl edib xəritələri ortaya çıxarmalıdırlar. Eyni zamanda, Rusiyadan da bu bəyanatın qarantı sayılan dövlət kimi şərtlərə əməl olunmasına nəzarəti gücləndirməyi tələb etməliyik. Ya da ki, qaldığımız yerdən davam etməyə məcbur olacağıq. Müharibə şəraitində olmağımız düşüncəsilə yolumuza davam etməliyik. Antiterror əməliyyatları həyata keçirməli və iki müharibə edən dövlət bir-birinə necə münasibət bəsləyirsə, münasibətlər normallaşana qədər Ermənistanla o cür davranmalıyıq. Əks təqdirdə, nə sülh kimi sülh olacaq, nə də müharibə kimi müharibə. Anlaşılmaz bir situasiya yaranacaq, yeni qurbanlar olacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər:





Xəbər lenti