İsrailin üzr istəməsinin səbəbləri – TƏHLİL

İsrailin üzr istəməsinin səbəbləri – TƏHLİL
  29 Mart 2013    Oxunub:2606
2010-cu ildə İsrail hərbi qüvvələri tərəfindən keçirilmiş əməliyyat nəticəsində doqquz nəfər Türkiyə vətəndaşının ölümüylə nəticələnən hadisə ilə əlaqədar bu ilin martın 23-də Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan üzr istədi və hadisə nəticəsində həlak olanların ailələrinə təzminat ödəniləcəyini vəd etdi. Xatırladaq ki, baş vermiş hadisədən sonra Türkiyə-İsrail münasibətlərində ciddi gərginlik yaranmışdı. Ankara İsrailin üzr istəməyəcəyi və təzminat ödəməyəcəyi təqdirdə Təl-Əvivlə əlaqələrin daha də pisləşəcəyini bəyan etmişdi. Bu addımı ilə isə İsrail Türkiyənin tələbini qəbul etdiyini göstərdi.

Təbii ki, bu, məsələnin görünən, yaxud, göstərilən tərəfidir. Əslində isə istənilən addımın atılmasını şərtləndirən və hər bir ölkənin ayrı-ayrılıqda milli maraqlarına, həmçinin ümumi geosiyasi maraqlara cavab verən səbəblər və məqsədləri mövcuddur.

Yaxın Şərq regionunda son beş ilin önəmli hadisələrinin təhlili ehtimal etməyə əsas verir ki, olaylar heç də ölkələrin birtərəfli qərarlarının nəticəsi olaraq deyil, razılaşdırılmış müştərək siyasi addımların nəticəsində ərsəyə gəlir. Konkret olaraq, söhbət ABŞ, İsrail və Türkiyə arasında razılaşdırılmış addımlardan gedir. Siyasi oyunun əsas məğzi ondan ibarətdir ki, ərəb dünyasının İsrailə olan nifrəti üzərində Türkiyənin populyarlığı, paralel olaraq ərəb ölkələrinə təsiri artırılır və bu təsir gücündən ümumi məqsədlər üçün istifadə olunur.

Türkiyədə islamçı mövqeyə malik AKP-nin hakimiyyətə gəlməsilə ərəb dünyası üçün “demokratik islam dövləti” modelinin mümkünlüyü ortaya qoyuldu. Paralel olaraq Türkiyə iqtisadiyyatının sıçrayışlı inkişafı avtoritar rejimli ərəb ölkələrindəki insanları özünə cəlb etməli idi. Təbii ki, Ankara özünün islami dəyərlərə sadiqliyinə ərəbləri tam əmin etmək üçün İslam dünyasının düşməni hesab olunan İsraillə nümayişkaranə konfliktə daxil olmalı idi ki, bu addımı 2009-cu ildə Davos forumunun gedişatında baş nazir Ərdoğan uğurla atdı. Məşhur “one minute” olayı Ərdoğanı ərəb dünyasının liderinə çevirdi və İslam ölkələri arasında ən nüfuzlu siyasətçi adını qazanmasına gətirib çıxardı.

2010-cu ildən isə “Ərəb baharı”na start verildi və Ərdoğanın avtoritar liderlərə hakimiyyətdən əl çəkmələrini tövsiyə etməsi inqilabların qələbəsinə təkan verən amillərdən biri oldu. Türkiyə ABŞ-ın Yaxın Şərqin öz nüfuz dairəsinə keçirilməsi siyasətində əsas hərəkətverici mühərrik rolunu oynadı. Təbii ki, Ankara bu məsələdə milli maraqlarını təmin etməyi də unutmadı. Ümumi götürdükdə Amerika İran ilə Suriyanın regiondakı təsirini azaltmaqla faktiki, bu dövlətlər vasitəsilə regiona nüfuz edən Rusiyanın Yaxın Şərqdən çıxarmaq istəyir. Şiə dövlətlərinin zəifləməsi və sünnilərin hakimiyyəti ələ keçirmələri isə Türkiyəni regionun liderinə və əsas söz sahibinə çevirdiyi üçün Ankaranın Vaşinqtonun planlarının həyata keçməsində canla-başla-iştirakına aydınlıq gətirir.

Xarici siyasi uğurlar AKP-nin Türkiyədəki hakimiyyətinin ömrünü artırır və hakim partiya dövlət maraqları ilə yanaşı, öz maraqlarını da təmin edir. Məsələn, 2009-cu ilin dekabrında baş vermiş “one minute” olayı 2011-ci ildə AKP-nin parlament seçkilərində qələbəsinin təmin olunmasında əvəzedilməz piar rolunu oynadı.

İsrailin “Mavi Marmara” gəmisi ilə bağlı üzr istəməsi əslində Yaxın Şərqdə yeni kampaniyanın başlanğıcı hesab oluna bilər. Amerikada Demokratların namizədinin prezident seçilməsi və Con Kerri kimi ağır çəkili siyasi fiqurun dövlət katibi təyin edilməsi Vaşinqtonun Yaxın Şərqlə bağlı hərbi deyil, diplomatik metodlara üstünlük verəcəyinin göstəricisidir.

İsrailin üzr istəməsi Türkiyənin aşkar şəkildə yəhudi dövləti ilə əməkdaşlığına şərait yaradır. Güman etmək olar ki, yeni başlanan kampaniyanın əsas hədəfləri Suriya, İran və Livandır. Bundan əlavə, Qəzza bölgəsinə nəzarət edən HƏMAS təşkilatının da İran və Suriyadan üz döndərməsi müqabilində İsrail bölgənin blokadasını aradan qaldıracaq.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti