“Bu il xaricdə təhsil alanların sayı artacaq” - Ekspert

“Bu il xaricdə təhsil alanların sayı artacaq”  -  Ekspert
  09 İyun 2021    Oxunub:1625
Artıq iki ildir ki, tədris dövrü koronavirus pandemiyası şəraitində yekunlaşır. Pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq, məzunlar tələbə olmaq üçün qəbul imtahanına hazırlaşırlar. Ötən il COVID-19-la əlaqədar sərhədlərin bağlanması səbəbindən bəzi məzunlar sənədlərini xaricdəki təhsil müəssisələrinə verə bilməmişdilər. Keçən illə müqayisədə hazırda ölkədə sanitar-epidemioloji vəziyyət stabilləşib və bir sıra yumşalmalara gedilib.
Bəs cari ildə xaricdə təhsil almaq istəyənlər bu imkandan yaralana biləcəkmi?

Təhsil eksperti Elçin Süleymanov Azvision.az -a bildirib ki, COVID-19 pandemiyasının turizm sektorundan sonra ən çox mənfi təsir göstərdiyi sahələrdən biri təhsildir.

“Ölkələrarası səyahətlərin məhdudlaşmasından dolayı təhsil sahəsində beynəlxalq mobillik minimuma endi. Bir çox ölkə xaricdən tələbə qəbulunu məhdudlaşdırdı. 2020-ci ildə beynəlxalq təhsil daha çox distant təhsil imkanlarından ibarət oldu. Bu il vəziyyətin müəyyən qədər yaxşılaşacağını ümid etmək olar. Artıq peyvəndlərin tətbiqi və COVID pasportlaşması sayəsində bir çox ölkə sentyabr ayından ənənəvi təhsilə başlayacağını elan edib. Bu isə onu deməyə əsas verir ki, xaricdə təhsil almağa gedənlərin sayında kifayət qədər artım olacaq”.

Təhsil eksperti bildirib ki, prosesə mənfi təsir göstərən faktor təyyarə biletlərinin müəyyən qədər baha olmasıdır:

“Digər problem bəzi ölkələrin müəyyən dövlətlərdə tətbiq edilən vaksinləri qəbul etməməsindən qaynaqlana bilər. Amma Azərbaycan vətəndaşları daha çox qardaş Türkiyənin təhsil müəssisələrini seçdiyi üçün bu yöndə çox ciddi problem yaşanmayacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Universitet  





Xəbər lenti