“Üç qoç”un başı bir qazanda: Seçki, yoxsa söyüş marafonu?

 “Üç qoç”un başı bir qazanda:  Seçki, yoxsa söyüş marafonu?
  09 İyun 2021    Oxunub:4078
Artıq iki gündür ki, Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyalarına başlanılıb.
Kampaniya iyunun 18-dək davam edəcək, bundan sonra "sükut günü" olacaq. İyunun 20-də keçiriləcək erkən parlament seçkilərində iştirak etmək üçün rekord sayda - 23 partiya və 4 blok qeydiyyatdan keçib. Budəfəki seçkilərin fərqliliyi və "unikallığı" həm də ondadır ki, Ermənistanın bütün keçmiş prezidentləri və hazırkı baş nazir əvəzi seçkidə iştirak edir.

Sabiq prezidentlər Levon Ter-Petrosyan (Erməni Milli Konqresi), Robert Koçaryan ("Ermənistan" bloku), Serj Sarkisyanın lideri olduğu Respublika partiyası ("Vətən" partiyası ilə birlikdə "Şərəfim var" bloku) seçkilərə qatılmaq qərarına gəlib.

Əslində qeyri-rəsmi təbliğat kampaniyası daha əvvəl başlamışdı. Ayrı-ayrı şəhərlərdə müxtəlif siyasi qüvvələrin reklam lövhələri asılır, partiya rəhbərləri ölkəni gəzərək tərəfdarları ilə görüşlər keçirirdilər. Ara-sıra Koçaryanın təbliğatına hesablanmış kitab afişaları ya yumurta atəşinə tutulurdu, ya da polisə “məlum olmayan” şəxslər tərəfindən cırılırdı. Bir sözlə, seçki şousuna günlər əvvəl start verilmişdi

Seçkiqabağı xaos

Cəmi 8 ay öncə müharibədən ağır məğlubiyyətlə çıxan Ermənistanda siyasi mübarizənin dinc şəkildə davam edəcəyi, problemsiz yekunlaşacağı real görünmür. Belə ki, hələ təşviqat kampaniyaları başlamamış opponentlər arasında gərgin rəqabət müşahidə edilirdi. Kampaniyalarını fərqli şəkildə aparan partiya rəhbərləri bir-birini misli görünməmiş şəkildə təhqir edir, xoşagəlməz ifadələr işlədərək özlərinə xal qazanmağa çalışırdılar. Bu proses hazırda daha iyrənc formada davam edir.

Prosesləri izlədikdə seçkilərə bir neçə blok və partiyanın qatılmasına baxmayaraq, əsas mübarizənin Robert Koçaryanla Nikol Paşinyan arasında getdiyini görmək olar. Maraqlısı budur ki, hər iki uğursuz siyasətçi tərəfdarları ilə görüşlərdə bütün qırmızı xətləri tapdalamaqla gündəmi zəbt edirlər. Normalda seçimlərə qatılanlar opponentlərini günahlandırsalar da, İrəvandan gələn seçki avazları daha çox söyüş, təhqir və ağılasığmaz ittihamlar üzərində qurulur.



Hələ təşviqat kampaniyası başlamamışdan öncə - iyunun 1-də Koçaryan rəqiblərini açıq-aşkar təhqir etmişdi. Nə qədər qəribə görünsə də, eks-prezident seçkilərdə əsas rəqibi olan Paşinyanı kişilikdən danışmamağa çağırmışdı:

"O kağızı imzaladıqdan sonra (Kapitulyasiya aktını nəzərdə tutur-red.) nə qədər uşaq bezini dəyişdiyini bilmirəm. İndi də kişilikdən danışır?".

Keçmiş prezident yalnız təhqiramiz ifadələrlə, lorı dildə desək, ağzına gələni danışmaqla kifayətlənmir, “inqilabçı” baş nazirin komandasını hədələməkdən də geri qalmır. Rəy sorğularında Paşinyanla başa-baş mübarizə aparan keçmiş Qarabağ klanının əsas fiqurlarından olan Koçaryan, həmçinin tərəfdarları ilə görüşü zamanı indiki komandanın onun əlindən qaça bilməyəcəyinə eyham vurur: "Hara qaçsalar, tapıb gətirəcəyik, ayaqlarından tutacağıq".



Əslində Koçaryanın indidən qisasçılıq ruhunda danışması onun bəzi məmurların gözünün odunu almağa hesablanmış addımdır, anacaq İrəvanda bunu boşboğazlıq kimi qiymətləndirirlər.

Koçaryanın təhdid və hədəsinə cavab verən sabiq səhiyyə naziri, hökumət aparatının rəhbəri Arsen Torosyan ona səslənərək deyir:

“Bu gün mətbuatda Robert Koçaryana aid olan belə bir başlıq gördüm - "Kim qaçacaqsa, biz onun ayağından tutacağıq". Bu ölkədə heç kim sizdən qaçmır. Biz sizdən nə 2003, 2004, nə də 2007 və 2008-ci illərdə qaçdıq. Əmin olun, heç 2021-ci ildə də qaçmayacağıq”.

Görünən odur ki, siyasi gərginlik ciddi hədə mərhələsinə çatıb. Hətta hakimiyyətə gəlmək üçün dəridən-qabıqdan çıxan erməni siyasətçilər özlərini daha çox kriminal avtoritet kimi aparırlar. İndidən deyə bilərik ki, Nikolun komandası seçkini uduzsa, onları ya dəmir barmaqlıqlar gözləyir, ya da hansısa başqa faciəvi hadisələr. Çünki Robert Koçaryan bir dəfə hakimiyyətdə olarkən kriminal fenomenliyini sübut etməyi bacarıb. Yenə öz ampulasındadır.



Koçaryanın arxı atlamamış “hop” deməsi, indidən hakimiyyətə gələcəyi təqdirdə hazırkı komandanı cəzalandıracağına eyham vurması Paşinyanın bütün kadrlarının hiddətinə tuş gəlir. Məlum hədədən çox keçmədi ki, Dövlət Kadastr Komitəsinin rəhbəri Marat Baqdasaryan eks-prezidentin yenidən ölkəyə rəhbərlik etmək iddiasında olmasını pisləyən açıqlama ilə diqqət çəkdi. Erməni məmur bəyan etdi ki, Koçaryan seçkini udsa, Ermənistanı Rusiyanın əbədi köləsinə çevirəcək.

"Bir vaxtlar ölkənizin başını kəsmiş və indi vətəninizi Rusiyanın əbədi köləsi etmək istəyən bir insanı müdafiə etməyə dəyərmi? Qana susayan bir insanı qoruyursunuz. Mədəni mübahisələrdən yayınaraq insanları 18-19-cu əsrlər ruhunda olan bir duelə dəvət edən şəxsi müdafiə edirsiniz. Heç olmasa övladlarınızın gələcəyini düşünün! Təsəvvür etmirəm ki, insan könüllü olaraq öz ölkəsi ilə birlikdə uşaqlarını necə kölə edə bilər. Nə qədər ki, gec deyil ayılın",- deyə Ermənistanın Dövlət Kadastr Komitəsinin rəhbəri söyləyib.



Nəhayət, Nikol Paşinyan səssizliyini pozdu və onu hədəfə alan rəqiblərinə daha sərt və tikanlı cavablar verməyə başladı. Nikol Abovyanda vətəndaşlarla görüşü zamanı Koçaryanla bağlı ifşaedici fikirlər səsləndirərək, onun prezidentliyinin qanunsuz olduğunu bildirdi:

“1998-ci ildə Koçaryan qanunsuz olaraq prezident seçildi. O, polisdən qeydiyyatda olduğu ərazi barədə saxta arayış təqdim etmişdi ki, guya son 10 ildə İrəvanda yaşayıb. 1998-ci il prezident seçkiləri saxtalaşdırıldı".

Paşinyan, həmçinin o dövrdə minlərlə insanın məhz Karen Dəmirçiyanı seçdiyini, ona səs verdiyini söylədi. Bildirdi ki, 1998-ci ildə əsas mübarizə Karen Dəmirçiyanla Robert Koçaryan arasında gedib.

Məlum hadisələrdən 23 il ötür. Yenə meydanda cinayətkar, işğalçı Koçaryan hakimiyyəti ələ keçirmək üçün mübarizə aparır. Onun seçki taktikasi təxminən eyni ssenari ilə davam edir. Rəqibləri gözdən salmaq üçün bütün qırmızı xətləri tapdalayan, qurşaqdan aşağı zərbələrlə özünə divident qazanmağa can atan Koçaryan siyasi iyrəncliklərlə ölkə başçısı postunu ələ keçirməkdə israrlıdır.

Maraqlıdır ki, baş nazir postundan əl çəkmək niyyətində olmayan Nikol da rəqiblərini adekvat cavablarla susdurmaqdan və onları ifşa etməkdən çəkinmir. Odur ki, Paşinyan tərəfdarları qarşısında yüksək tonla Koçaryanı aşağılayaraq, ona başa düşdüyü dildə cavab verdi: "Robik, sən balaca oğlan deyilsən, kişi də deyilsən".



Bu azmış kimi, Paşinyan öz növbəsində keçmiş prezident Serj Sarkisyana da qarşı ağır ittihamlar səsləndirdi. O, keçmiş ölkə başçısının qumarbaz olduğunu, onun "Monte Karlo" kazinosunda milyonlarla dollar uduzduğunu ictimaiyyətin diqqətinə çatdırdı. Habelə sabiq prezidenti insan alverçisi adlandırdı.

Elə Sarkisyan da az aşın duzu olmadığını göstərir. Söyüş, təhqir ağır ittihamlar üzərində qurulan seçki marafonuna partiyasını qoşan Serj Sarkisyan cavabında Paşinyanı ağır ifadələrlə təhqir edərək ona 24 saat vaxt verdi. Əks təqdirdə Nikolun ailəsi ilə bağlı sensasion məlumatlar yayacağını vurğuladı:

"Bu əxlaqsız insana 24 saat vaxt verirərm. Ya o iddiası ilə bağlı faktı təqdim edəcək, ya da özü və ailəsi haqqında elə faktları dərc edəcəyəm ki, cəmiyyət onun üzünə tüpürəcək".

Qalmaqal səngiməmiş Sarkisyan müttəfiqini işə salaraq söyüş, təhqir yarışında önə çıxmağa çalışdı. Belə ki, "Vətən" partiyasının sədri Artur Vanetsyan sosial media üzərindən Paşinyanı aşağılayaraq, onun ölkədən qaçmasını məsləhət gördü.

“Qulaq as, fərari, sən kimsən axı müharibəni udmuş Qarabağ “qəhrəmanı”nın, prezidentin adını təhrif olunmuş formada çəkirsən? Mən səninlə işləmişəm, indi isə Serj Sərkisyanla işləyirəm və məndə belə təəsürat yaranıb ki, sanki mal tövləsindən akademiyaya düşmüşəm. Miskin kapitulyantsan. Öz günahlarında o qədər boğulursan, o qədər piy əritmisən və tər tökmüsən ki, hər yerdə iy verirsən. Get, sadəcə olaraq qaç. Bu, mənim sənə sonuncu dost məsləhətimdir”,- Vanetsyan bildirib.

Əslində bu təhqir, hədə dolu seçki kampaniyalarının qısa xronologiyası bir sıra mətləblərə aydınlıq gətirmiş oldu. Əvvəla, görünən odur ki, Ermənistanda müharibə sonrası daxili gərginlik yalnız sosial-iqtisadi sferada deyil, siyasət məkanı da xaotik vəziyyətdədir. İkincisi, hakimiyyətə iddialı olan əsas müxalif qüvvələr “kapitulyant”, “xain” kimi təqdim edilən Nikol Paşinyandan daha radikal və dağıdıcı təsir bağışlayırlar. İrəvanda “inqilabçı” baş nazirin hazırkı əsas rəqibləri heç də sağlam qüvvələr kimi görünmür, qisasçı açıqlamalarla Ermənistan üçün yaxşı heç nə vəd etmirlər.

Üçüncüsü isə, reytinqi aşağı düşən Paşinyanla yanaşı Koçaryanın da bundan sonra erməni cəmiyyətində ciddi nüfuz qazana biləcəyi real deyil. Hazırda ac və sosial-iqtisadi problemlər məngənəsində sıxılan erməni xalqını nə Sarkisyanın “qumarbaz” keçmişi, nə Koçaryanın Rusiyanın adamı olması, nə də Paşinyanın gələcəkdə ölkədən qaçması və ya cəzalandırılması maraqlandırır. Zəbt etdikləri qonşu ölkənin torpağından qovularaq məğlub duruma düşən erməni cəmiyyəti sağlam siyasi qüvvələrin axtarışındadır ki, onları ağ günə çıxaran olsun. Lakin seçki marafonunda yaşanan biabırçı hadisələr Ermənistanda hələ normal hakimiyyətin olmayacağını deməyə əsas verir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Seçki   Koçaryan   Paşinyan   İttiham   Təhqir  





Xəbər lenti