Vətəndaşlar hansı vaksini seçir? - Rəsmi açıqlama

Vətəndaşlar hansı vaksini seçir? -  Rəsmi açıqlama
  09 İyun 2021    Oxunub:1448
Hazırda Bakı Sağlamlıq Mərkəzində Azərbaycana gətirilən 4 vaksindən istifadə edilir. Vətəndaşlarımıza təqdim olunan blankda “AstraZeneca”, “Sputnik”, “CoronaVac”, “Pfizer” vaksinləri qeyd olunur. Vətəndaşlar könüllü şəkildə hansı vaksini istəsələr vurdura bilərlər.
Bu barədə Azvision.az -a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

Ölkəmizdə “Pfizer” peyvəndinin tətbiqinə bu həftədən başlanıldığını deyən icraçı direktor bu vaksinə əhali arasında kifayət qədər maraq olduğunu qeyd edib.

““Sputnik” və “CoronaVac” vaksinlərinə də böyük maraq var. “AstraZeneca” vaksini 60 yaşdan yuxarı şəxslərə tətbiq olunduğu üçün bu peyvəndi vurduranlar digərlərindən say etibarı ilə bir qədər azdır. Əhali arasında vaksinasiyaya maraq böyükdür və effektiv şəkildə proses davam edir. Bu günə qədər hər 4 peyvənd üzrə ciddi əks-reaksiya müşahidə olunmayıb. Belə templə getsək yaxın dönəmdə “biz pandemiyadan artıq qorxmuruq” deyəcək vəziyyətə gələcəyik”.

A.Həsənov yaşı 18-dən yuxarı olan şəxslərin vaksinasiyaya maraq göstərdiyini diqqətə çatdırıb:

“Hər 3 vaksin üzrə gündəlik 100-dən çox vətəndaş peyvənd olunur. Tibbi cəhətdən vaksin növü seçmək anlayışı yoxdur. Bu sosial maraqdır, tələbdir. Vətəndaşlarımızın istəklərinə uyğun 4 vaksin gətirilib və hansını istəsələr vurdura bilərlər”.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiyaya başlanılıb. İndiyədək ölkə üzrə vurulan vaksinlərin ümumi sayı 2 586 410, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 646 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 940 356 nəfər təşkil edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksinasiya   Koronavirus  






Xəbər lenti