Latviya Seyminin nümayəndə heyəti Ağdamda

 Latviya Seyminin nümayəndə heyəti Ağdamda
  09 İyun 2021    Oxunub:1141
Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə Ağdam şəhərinin təməlinin qoyulduğu ərazidə rayonun tarixi, indiki vəziyyəti haqqında məlumat verib.

Bildirib ki, Qarabağ xanlığının banisi Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da buradan götürülüb. Qədim türk dilində isə Ağdam “kiçik qala” mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş edib. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib.

Məlumat verilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra BMT-nin Təhlükəsizlik Şurası 853 nömrəli Qətnamə qəbul edərək, erməni hərbçilərini dərhal Ağdamı tərk etməyə çağırıb. Amma buna baxmayaraq, BMT-nin Qətnaməsi yerinə yetirilməyib. Ermənilər işğal dövründə Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində Azərbaycan məsələni sülh yolu ilə, danışıqlarla həll etməyə çalışıb. Eyni zamanda bildirib ki, əgər sülh yolu ilə alınmasa, biz torpaqlarımızı hərb yolu ilə işğaldan azad edəcəyik. Belə də oldu. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər qazandı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də bir güllə atılmadan işğaldan azad edildi. Hazırda işğaldan azad edilmiş Ağdamın yenidənqurma, bərpa dövrü başlayıb.

Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti