“Avropanın ürəyi” Bakıda döyünəcək - TƏHLİL

 “Avropanın ürəyi” Bakıda döyünəcək -  TƏHLİL
  11 İyun 2021    Oxunub:3831
Azərbaycan son illərdə dünyanın idman mərkəzlərindən birinə çevrilib. Məhz idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib.
Azərbaycan yalnız dünyamiqyaslı yarışlarda əldə etdiyi ardıcıl qələbələrlə önə çıxmır, beynəlxalq turnirlərə uğurla ev sahibliyi etməsinə görə də diqqət çəkir. Respublikamızda müasir idman infrastrukturunun yaradılması beynəlxalq təşkilatların Azərbaycana olan etimadını artırıb, bu səbəbdəndir ki, nüfuzlu idman yarışları üçün əsas ünvan kimi məhz Bakını seçirlər. Təbii ki, yarışların ölkəmizdə keçirilməsi ilə bağlı qərarların qəbul edilməsində nüfuz amili həlledici rol oynayır.

Azərbaycanda yaradılmış müasir standartlara uyğun idman infrastrukturu, beynəlxalq nüfuzla yanaşı təhlükəsizliyin təminatı da istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bütün bu kimi amilllər Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın beynəlxalq idman federasiyaları və təşkilatlarında etimad qazanmasına gətirib çıxarıb.

Bu günlərdə paytaxtımızda təşkil olunmuş Formula-1 yarışlarından sonra bütün dünyanın diqqəti yenidən Bakıya yönəlib. Futbol üzrə Avropa çempionatının dörd oyunu Bakıda təşkil olunacaq ki, bu da çoxmilyonluq futbol ictimaiyyətinin nəzərinin ölkəmizdə olmasından xəbər verir.

Xatırladaq ki, bundan öncə də futbolsevərlər Bakıda UEFA Avropa Liqasının final oyununa böyük maraq göstərmişdilər. 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilən final matçı dünyanın aparıcı media orqanlarının manşet xəbərlərində yer alırdı.

Təbii ki, Azərbaycanın bu istiqamətdə uğur hekayəsi, sürətli inkişaf, əvvəlki illərdə beynəlxalq yarışlarla bağlı təcrübəsi olmasaydı, bu gün yeni formatda təşkil olunan nüfuzlu Avropa çempionatı üçün əsas məkan kimi Bakı seçilməzdi. İllər öncə İlk Avropa Oyunları məhz Azərbaycanda keçirilərkən dünya mediası ölkəmizdəki stabil inkişafın, müasir idman infrastrukturunun varlığı ilə yanaşı, yaxın illərdə paytaxtımızın ardıcıl şəkildə beynəlxalq yarışlara ev sahibliyi edəcəyini yazırdı. Məhz Avropa Oyunlarından sonra daha bir mötəbər yarışın - IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi bunun sübutu oldu. Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini qoruyub saxladı, bir çox beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməklə bu sahədə böyük təcrübə topladı.

Bu günədək Azərbaycanda müxtəlif idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilib. Son on ildə dünyanın idman ictimaiyyətinin diqqətini çəkən, sayca daha çox ölkə və idmançının qatıldığı irimiqyaslı yarışları, Yeniyetmə cüdoçuların Avropa çempionatı, Bədii gimnastika üzrə dünya kuboku, Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri, Bədii gimnastika üzrə 27-ci dünya çempionatı, Hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı, Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı, Paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, Qaydasız döyüş üzrə Dünya kuboku, Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, Bodibildinq üzrə 64-cü dünya çempionatı, Gənclər arasında boks üzrə dünya çempionatı, Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı, Cüdo üzrə “World Masters” beynəlxalq turniri və eləcə də dünya kuboku, Boks üzrə XVI Dünya Çempionatı, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı və digər onlarla mühüm yarışları xatırlatmaq olar.

Dünya ölkələrinin pandemiyaya görə iqtisadi tənəzzüllə üz-üzə qalmasına baxmayaraq, Azərbaycan nüfuzlu idman tədbirlərini yüksək səviyyədə keçirməyə davam edərək iqtisadi çətinliklərə sinə gərməklə beynəlxalq yarışların əvvəlki səviyyədə davam etdirilməsini təmin edir. O da maraqlı məqamdır ki, ölkəmiz ötən ilin sonlarında ağır müharibədən çıxsa da, qısa müddətdə bütün sferalarda əvvəlki həyatı bərpa edə bildi. Bu özünü idman sferası, beynəlxalq tədbirlərin təşkilində və digər sahələrdə göstərmiş oldu. Bakının müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir. Bu, həm də təşkilatçıların Azərbaycanın gücünə və potensialına olan inam və etimadın təzahürüdür.

Beynəlxalq yarışlar turizmin inkişafına təsir edir

Beynəlxalq yarışlara ev sahibliyi edən ölkələrin bir avantajı da var. Bu, ilk növbədə hər il minlərlə turistin ölkəyə gəlişinə təkan verir. Kütləvi turist axını, iqtisadiyyatın dirçəlməsi, turizmə bağlı olan sahələrin daimi inkişafı deməkdir. Bakı, ümumilikdə Azərbaycan iqtisadi, coğrafi və tarixi-mədəni üstünlükləri ilə hər zaman turistlər üçün cəlbedici məkandır. Məhz son illərdə ardıcıl olaraq dünya səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın, onun inkişaf səviyyəsinin, turizm potensialının dünyada təbliğinə öz töhfəsini verir.

Bu gün paytaxtımızda Futbol üzrə Avropa çempionatının həyacanı yaşanır. Azərbaycan növbəti dəfə əhəmiyyətli beynəlxalq yarışa ev sahibliyi edir, bununla da ölkəmiz idman sahəsində önəmli mövqedə olduğunu təsdiq etməklə savayı, turizm potensialını da artırmağı hədəfləyir. Adətən bu cür yarışlarda sayı on minlərlə ölçülən futbol azarkeşləri gedəcəkləri ölkələrə əvvəlcədən səfər edirlər. Bu da əcnəbilərin turistik bölgələrə, gəzməli-görməli məkanlara, kafe və restornalara səfər və ziyarətinə hesablanır. Azərbaycanda böyük futbol bayramına şahidlik etməyə gələn turistlər üçün müasir stadionlarla yanaşı, ən müasir standartlara cavab verən otellər və gözoxşayan məkanlar da var.

Avropa çempionatı Bakıya gələ bilməyən əcnəbi turistlərin növbəti səfərlərdə yeni ölkəni kəşf etməsi, onun mədəniyyəti ilə tanış olması üçün də bir şansdır. Bundan başqa, Bakıdakı matçların yüz milyonluq izləyicilər üçün transliyasiyası reallaşacaq ki, bununla da turnirə bütün dünya baxacaq. Əlbəttə, bu amil Azərbayacana olan marağı birə-beş artıra bilər. Bir sözlə, paytaxtımızda təşkil olunan növbəti möhtəşəm idman tədbirindən sonra yalnız avropalı turistlər deyil, bütün dünya Azərbaycanın turizm baxımından necə maraqlı ölkə olmasının, buradakı unikal məkanların şahidi olacaqlar.

Şübhə yox ki, Azərbaycan bundan sonra daha da inkişaf edərək, öz sabitliyi, iqtisadi və turizm potensialı ilə, eləcə də müasir idman infrastruktruna görə nüfuzlu idman təşkilatlarının diqqətini daim özünə çəkəcək. Əminliklə demək olar ki, dünyanın idman tarixinə qızıl hərflərlə adını yazdırmağı bacaran Azərbaycanı növbəti illərdə daha böyük uğurlar gözləyir.

Tural Tağıyev
Azvision.az


Teqlər: AVRO-2020   Yarış  





Xəbər lenti