Elmlə məşğul olanların sayı açıqlandı

Elmlə məşğul olanların sayı açıqlandı
  11 İyun 2021    Oxunub:1865
Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 55,4 faizi qadın olmaqla 3187 nəfər təhsil alıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, təhsil alanların 78,8 faizi fəlsəfə, 21,2 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıblar. Təhsil alanların 32,1 faizi elmi müəssisə və təşkilatlarda, 67,9 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 30,2 və 69,8 faiz, elmlər doktoru proqramı üzrə isə 39,1 və 60,9 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,8 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,5 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2512 nəfərin 424-ü iqtisad, 319-u filologiya, 275-i texnika, 228-i riyaziyyat, 183-ü tibb, 177-si aqrar, 108-i biologiya, 106-sı siyasi, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 121 nəfər aqrar, 97 nəfər filologiya, 69 nəfər biologiya, hər birində 57 nəfər olmaqla texnika və iqtisad, 43 nəfər kimya, 40 nəfər tarix, 30 nəfər tibb, 25 nəfər siyasi, 24 nəfər riyaziyyat, 23 nəfər yer, 22 nəfər hüquq elmləri, 21 nəfər sənətşünaslıq, 46 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2019-cu illə müqayisədə 2020-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 15,4 faiz azalaraq 356 nəfər, elmlər doktoru proqramı üzrə isə 28,8 faiz azalaraq 84 nəfər təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 12,8 faiz azalaraq 552 nəfər, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 10 faiz artaraq 154 nəfər təşkil edib.

Bununla yanaşı, 2020-ci ildə fəlsəfə doktoru proqramı üzrə 454 dissertant təhkim olunub ki, onların da 67,6 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 144 nəfəri qadın olmaqla 246 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, iqtisad, filologiya, tarix, texnika, biologiya və riyaziyyat sahələri üzrə təhkim olunub.

Azvision.az



Teqlər: Elm   DSK  





Xəbər lenti