Boksçularımız beynəlxalq turnirdə 10 medal qazandı

Boksçularımız beynəlxalq turnirdə 10 medal qazandı
  11 İyun 2021    Oxunub:837
Belarusun paytaxtı Minskdə yeniyetmə boksçular arasında Vladimir Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Azvision.az xəbər verir ki, 8 ölkədən 120-dən çox idmançının qatıldığı yarışda Azərbaycan milli komandası da iştirak edib.

Turnirdə baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Vüqar Məmmədovun rəhbərliyi altında 12 (10 oğlan, 2 qız) boksçumuz mübarizə aparıb. Onlardan 10-u çıxışını medalla başa vurub. Yığmamız 3 qızıl, 2 gümüş və 5 bürünc mükafata sahib olub.

Finalda boksçularımızdan Kənan Babayev (48 kq) Humoionmirzo Abdurasulovu (Özbəkistan), Məhəmmədəli Qasımzadə (54 kq) Fərrux Tulağanovu (Özbəkistan), Emili Rzayeva (63 kq) Anna Seredanı (Belarus) məğlub edərək, qalib adına yiyələniblər.

Həlledici görüşdə məğlub olan Mahir Süleymanovla (52 kq), Fərhad Şeydayev (63 kq) gümüş medalla kifayətləniblər. Tofiq Quliyev (46 kq), Əvəz Əliyev (50 kq), Fuad Babayev (60 kq), Sənan Hətəmov (63 kq) və Liliya Bulatova (57 kq) isə bürünc medala sahib olublar.

Yığmamız yarışın yekunlarına görə, komanda hesabında üçüncü yeri tutub. Millimizi Belarus və Özbəkistan qabaqlayıb.

Qeyd edək ki, turnirdə iştirak iyulda Tbilisidə keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb.

Azvision.az


Teqlər:





Xəbər lenti