Dənizçilərin sənədlərinin etibarlılıq müddəti uzadıldı

  14 İyun 2021    Oxunub :444
Dənizçilərin sənədlərinin etibarlılıq müddəti uzadıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi dünyada hələ də davam edən koronavirus (COVID-19) pandemiyası səbəbindən azərbaycanlı dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 30 sentyabr 2021-ci il tarixinədək uzadıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.

Verilən qərara əsasən, Agentlik tərəfindən bu istiqamətdə bir sıra işlər görülüb. Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərilib.

Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikası və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq onların etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 30 sentyabr 2021-ci il tarixinədək uzadır.

Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:

– Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub;

– Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş;

– Əmək müqaviləsinin surəti.

Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul
2020-ci il, 1 oktyabr 2020-ci il, 31 dekabr 2020-ci il, 31 mart 2021-ci il, daha sonra isə 30 iyun 2021-ci il tarixinədək uzadılmışdı.

Azvision.az

Teqlər: Dənizçi   Sənəd  






Xəbər lenti