“Yoluxmaların azalması görülən işlərin nəticəsidir” - Həkim-infeksionist

 “Yoluxmaların azalması görülən işlərin nəticəsidir” -  Həkim-infeksionist
  15 İyun 2021    Oxunub:1175
Son günlər Azərbaycanda yoluxma və ölüm hallarının azalması müşahidə edilir. Belə bir müsbət tendensiya dövlətin apardığı məqsədyönlü tədbirlərin nəticəsində əldə edilib.
Bunu Azvision.az -a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, indiyədək tətbiq olunan sərt karantin rejimi öz bəhrəsini verir:

“Sərt karantin rejiminin tətbiq olunması, yumşalmaların mərhələli şəkildə aparılması, vətəndaşların qaydalara əməl etməsi bu işdə öz töhfəsini verdi. Digər tərəfdən vaksinasiya sürətlə gedir. 2 milyondan çox insan peyvənd olunub. Bu da ümumi işdə öz nəticəsini göstərir. Gündəlik yoluxmaların azalması fonunda ölüm hallarının da aşağı düşməsi gözlənilən idi. Sırağagün koronavirusdan ölüm halının olmaması müsbət tendensiyadır”.

V.Cavadzadə qeyd edib ki, COVID-19 infeksiyası ilə mübarizə qaydalarına əməl edilməsə, yoluxmalar yenidən arta bilər:

“Epidemik prosesdə hər bir infeksiyanın artması, pik nöqtəsi və sönməsi müşahidə olunur. Tarixdə o qədər pandemiyalar olub ki, o zaman nə vaksin, nə də insanların digər qaydalara riayət etməsi mümkün olub. Əlbəttə, infeksiya tədricən aramızdan çıxıb gedəcək. Lakin bu uzun zaman və daha çox insan itkisinə səbəb ola bilərdi. Bu gün biz koronavirusla mübarizədə və vaksinasiya sahəsində nailiyyət əldə etmişik. İnsanlar əks-epidemik tədbirlərin aparılmasında aktiv iştirak edirlər. Tək Azərbaycanda deyil, dünyanın əksər ölkələrində yoluxmaların sayı azalmağa doğru gedir. İnfeksiyada epidemik alovlanma nə zamansa sönəcəkdi, lakin görülən tədbirlər bunu sürətləndirdi. Dünya əhalisinin də vaksinasiya olunması bu işdə öz töhfəsini verir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  






Xəbər lenti