Politoloq Elxan Şahinoğlu Azvision.az-a şərhində deyib ki, iki qardaş ölkə arasında müttəfiqliyə dair xüsusi sənədin imzalanacağı gözlənilən idi:
“Gözlənilən baş verdi. Tarixi Şuşa Bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. Bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib oranı işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı qarşısında Türkiyəni də görəcək. Türkiyənin Şuşada açacağı baş konsulluğun tarixi şəhərimizin təhlükəsizliyinə faydası olacaq. İndi Türkiyə ilə Qarabağdakı birgə fəaliyyətimizi o nöqtəyə gətirməliyik ki, 5 ildən sonra bölgədə rusiyalı hərbçilər də qalmasın”.

Politoloq dünən gözünü Şuşadakı tarixi proseslərə zilləmiş İrəvana da çağırışların olmasını maraqlı məqam kimi dəyərləndirib. Belə ki, Türkiyə lideri Ərdoğan Şuşadan Ermənistana etdiyi əvvəlki çağırışını bir daha təkrarladı: “Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir”. Rəcəb Təyyub Ərdoğan çıxışı zamanı daha əvvəl təklif etdiyi “3+3” əməkdaşlıq platformasını da xatırlatdı: “Bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır”.
Elxan Şahinoğluna görə, Türkiyə Cümhurbaşqanı bununla demək istədi ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçib hər iki qonşusunun ərazi bütövlüyünü tanıyarsa, sərhədlər açıla və diplomatik münasibətlər qurula bilər:
“Həmçinin bu cümlələrlə onun da mesajı verildi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmamalı və tam əksinə, özü bu dəhlizdən istifadə etmək imkanı qazanmalıdır. Buna baxmayaraq, İrəvan bu gün o hayda deyil ki, Ərdoğanın Şuşada söylədiyi konstruktiv təkliflərə müsbət cavab versin. Ermənistandakı siyasi qüvvələr seçkiqabağı təbliğatlarını anti-türk əhval ruhiyyəsində davam etdirirlər. Bu ölkədə formalaşacaq yeni hökuməti gözləmək lazım gələcək. Ancaq seçkidən sonra xaosun davam edəcəyi, hətta meydanda qarşıdurmaların şahidi ola bilərik. Ərdoğan Ermənistana çağırış edərkən təsadüfən Rusiya prezidenti Vladimir Putini xatırlatmadı. Əslində Ərdoğan Putinə də çağırış etdi ki, Kreml sahibi Rusiyadan asılı olan Ermənistanın başına ağıl qoysun. Şuşa bəyannaməsində Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması zərurəti ilə bağlı cümlə yer aldı. Yəni Ermənistan çağırışa müsbət cavab verməsə, bu məsələ onun iştirakı olmadan da bölgə ölkələrinin xeyrinə həll olunacaq”.
Heç bir sənəddə müttəfiqlik ifadəsi bu dərəcədə qabarıq şəkildə əks olunmurdu
Politoloq İlqar Vəlizadə də Şuşada imzalanan sənədin mühüm tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, 15 iyunda gerçəkləşən Şuşa Bəyannaməsində bir sıra vacib detalların qeyd edildiyini söyləyib:
“Bu sənədlə bağlı diqqət çəkən məsələlər çox oldu. Əsas məqam müttəfiqlik amilinin önə çıxması idi. Əslində biz bir çox hallarda iki ölkə arasında olan münasibətləri xarakterizə edən bəzi ifadələrə o qədər də fikir vermirik, yaxud da bunlar adiləşmişdi. 30 il ərzində hər zaman ifadə etmişik ki, Ankara ilə Bakının qurduğu münasibətlər müttəfiqlik səviyyəsindədir. Amma heç bir sənəddə məhz müttəfiqlik sözü, ifadəsi bu dərəcədə qabarıq şəkildə əks olunmurdu. Şuşadakı deklarasiyada müttəfiqlik termininin əks olunması ondan xəbər verir ki, artıq Azərbaycanla Türkiyə bundan sonra tam mənada müttəfiqdirlər. Yəni burada hər şey təkcə bu ifadə ilə bitmir. Eyni zamanda müttəfiqlik terminin arxasında böyük mahiyyət dayanır”.
İlqar Vəlizadə qeyd edib ki, Şuşada iki ölkənin müttəfiqliyə qol qoyması gələcəkdə öz sözünü deyəcək: “Müttəfiqlik o deməkdir ki, əgər müharibə baş verər, hansısa ciddi təhdidlər yaranarsa sənin müttəfiqin hər zaman yanında olacaq. Biz qarşılıqlı yardım, dəstək əsasında qurulan sıx münasibətlərdən danışırıq. Yeri gəlmişkən, müttəfiqlik məsələsində təkcə Azərbaycanla bağlı məqamlar önə çıxmır. Məlum məsələdir ki, ölkəmizə qarşı illərlə təhdidlər olub, bu gün də belə təhlükələr səngiməyib. Amma Şuşa Bəyannaməsi ilə müttəfiqliyimizin daha da yüksək zirvəyə qalxdığı Türkiyəyə də təhdidlər var axı. Bu gün Ankaranın əleyhinə çıxış edən xeyli qüvvə var. Türkiyənin yerləşdiyi coğrafi mövqedə və digər ərazilərdə ona qarşı təhdidlər az sərgilənməyib. Bu problemlərdə Azərbaycan bundan sonra da Türkiyənin yanında dayanacaq. Yalnız siyasi deyil, hərbi baxımdan da Ankaraya dəstək olacağıq.
Qısası, müttəfiqlik sözünün əsl mahiyyəti bundan sonra özünü daha çox gösətərəcək. Biz həmişə deyirdik ki, Türkiyə bizim yanımızdadır, bunu görürük, dəyərləndiririk. Amma eyni zaman biz də xalq, dövlət olaraq qardaş ölkənin yanında olmuşuq, olacayıq da. Qısa bir xatırlatma edim ki, ötən ilin məlum hadisələri zamanı Yunanıstan Azərbaycana yeni səfirini təyin etmişdi. Prezident İlham Əliyev onu qəbul edərkən Yunanıstanın Türkiyəyə qarşı sərgilədiyi siyasəti tənqid etdi. Aşkar bildirdi ki, Türkiyə təkcə dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik, eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Bütün məsələlərdə biz onların yanında olacağıq. Preizdentin dilindən səslənən bu cümlələr o demək idi ki, biz Türkiyə ilə bağlı olaylara biganə qala bilmərik, qalmayacağıq da. Bu həm rəmzi, həm də real praktiki məna daşıyan bir məsələdir”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


