“Dəhlizlərin bərpası qaçılmazdır”- Deputat

  17 İyun 2021    Oxunub :567
 “Dəhlizlərin bərpası qaçılmazdır”-  Deputat
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı region üçün strateji əhəmiyyət daşıyacaq məsələlərə toxundu”.
Bunu Azvision.az -a Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, qardaş ölkə rəhbərinin qeyd etdiyi məsələlərdən biri də “Altılıq Platforması” ilə bağlı oldu:

“Prezident Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasının regional vacibliyini vurğuladı. Regionda əməkdaşlıq bölgədə uzun müddətli sülhün formalaşması baxımından da vacibdir. Kommunikasiyaların bərpası və əməkdaşlığın formalaşması üçün isə, əsas layihələrdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz Türk Dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühüm olduğunu vurğulayıb”.



Deputat deyir ki, regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini artırır. Daha geniş anlamda region ölkələrindən Türkiyə və Rusiya Böyük İyirmiliyə üzv olan dövlətlərdir:

“İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə, dayanıqlı sülh kontekstində inkişaf prespektivləri yüksək qiymətləndirilir. Söhbət 3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin bərpa olunacaq kommunikasiyalardan və xüsusən də Zəngəzur dəhlizindən istifadəsindən gedir.

Rusiya 1.7 trilyon, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə, dəhlizlərin bərpası qaçılmazdır”.

Tural Tağıyev

Azvision.az

Teqlər: İran   Deputat   Dəhliz   Region  






Xəbər lenti