Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib

   Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
  17 İyun 2021    Oxunub:867
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Baş Prokurorluqdan Azvision.az -a verilən xəbərə görə, Şuranın iclasında Prezident Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, “ADA”, Milli aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər.

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əlievin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma prosesləri, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi və bu mühüm sənədin ölkəmiz və bütövlükdə regionumuz üçün əhəmiyyəti, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququnu pozulması, məqsədli şəkildə və geniş miqyasda həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaradan minaların basdırılması məsələsinin davamlı şəkildə beynəlxalq müstəvidə qaldırılması istiqamətində görülən işlər, eləcə də mühüm əhəmiyyət kəsb edən digər məsələlər barədə məlumat verib.

Daha sonra Şuranın iclasında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi təsis edilmiş, Şura üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri təyin edilib.

Təlim Mərkəzi prokurorluq, digər hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları, özəl sektorda çalışan şəxslər, tələbələr üçün korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu və özəl sektorda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış və s. məsələlərlə bağlı qısa və uzun müddətli təlim, treninqlərin təqdim edilməsi yolu ilə tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə yaradılıb.

İclasda “Korrupsiyaya qarşı mübarizəyə dair təlim vəsaiti” (Anti-corruption Training Handbook) və “Dövlət qulluğunda etik təlimə dair vəsait: konsepsiya və təriflər, etik dəyərlər və davranış standartları” (Ethics in Public Service Training Handbook: Concepts and definitions, ethics, values and conduct standards) adlı kitabların təqdimatı keçirilib.

Tədbirdə Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Emil Kərimov tərəfindən müəllifi olduğu “Odlu silahdan istifadə edilməklə törədilən cinayətlər üzrə hadisə yerinə və meyitə baxış keçirilməsinə dair metodik tövsiyə” adlı vəsaitin də təqdimatı keçirilib.

İclas çərçivəsində Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tərəfindən 2000-2020-ci illər ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə istintaqı aparılmış cinayət işləri və araşdırma materialları üzrə tədqiqatın nəticələri təqdim edilmiş, istintaq və məhkəmə təcrübəsinə aid statistik göstəricilər və bununla bağlı təhlillər Şura üzvlərinin diqqətinə çatdırılıb.

Həmçinin, Avropa Şurasının Bakı Ofisinin rəhbəri – səfir Zoltan Hernyeş tədbirə dəvət edilərək qonaq qismində iştirak edib.

Tədbirdə Şura üzvləri arasında geniş müzakirələr və faydalı fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti