Şəhidlik məktəbinin müəllimi: Mübarizin əfsanəyə dönməsindən 11 il keçir

      Şəhidlik məktəbinin müəllimi:    Mübarizin əfsanəyə dönməsindən 11 il keçir
  18 İyun 2021    Oxunub:3359
Vətən Müharibəmizə qədərki dövrdə Azərbaycan xalqının vətənpərvərlik hisslərini silkələyən üç mühüm hadisə baş verib.
Bunlardan biri 2010-cu ildə Mübariz İbrahimovun ağlagəlməz igidliyi və əfsanəyə çevrilməsi, ikincisi 2016-cı ilin Aprel döyüşləri, üçüncüsü isə 2020-ci ilin iyulunda Polad Həşimovun şəhadəti idi. Hər üç hadisə Vətən Müharibəsinə aparan yolun vacib mənzillərindən sayıla bilərlər.

Mübariz İbrahimovun Azərbaycanın qəhrəmanlıq panteonunda xüsusi yeri var.
Hamı həyatdan ölümə gedir, o isə həyatdan “şərəfsizlərin üstünə” getdi.
Hamı birbaşa torpağın altına gedir, o isə “şərəfsizlərin üstündən” keçərək, Vətən torpağın altına getməyi üstün tutdu.
Bu gün həmin hadisənin 11 ili tamam olur.



Hər bir azərbaycanlının yaddaşından heç vaxt silinməyəcək bir foto var: Ermənilərin Mübariz İbrahimovun nəşinin əllərini kəndirlə necə bərk-bərk bağlamaları. Məhz o mənzərəni görəndə biz xalq olaraq anlamışdıq ki, biz kimik, düşmən kim. Bilmişdik ki, onlar bizim dirimiz bir yana, hətta ölümüzdən də qorxurlar!

Mübariz İbrahimovun əfsanəvi personajlara xas igidliyinin cəmiyyətə göstərdiyi təsiri tam olaraq qiymətləndirmək asan deyil. 44 günlük müharibə zamanı dastana dönən gənclərin əksəriyyəti onun mənəvi kiçik qardaşları – yeniyetmə olanda İbrahimovun qəhrəmanlığının təsirilə formalaşan nəsil idilər. Onların hər biri Mübarizin igidliyindən ruhlanaraq, “şərəfsizlərin üstünə” getmək arzusuyla böyümüşdülər. Bir qismi arzusuna çatdı.

Bu mənada Mübariz İbrahimov Azərbaycan şəhidlik məktəbinin həm ən parlaq məzunu, həm də müəllimi idi. Məhz onun fədakarlığı sübut etdi ki, Azərbaycan xalqı qəhrəmanlar yetişdirməkdə davam edir və belə Oğulları olan Vətənin torpaqları uzun müddət işğalda qala bilməz. O, qarşıdakı Qələbənin ilk müjdəçilərindən idi.
-------
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 18-də tarixində gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək, onlarla 5 saat təkbətək döyüşub. Səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.


V.M.
Azvision.az



Teqlər: Mübariz-İbrahimov  





Xəbər lenti