Ermənistan azərbaycanlıları beynəlxalq qurumlara müraciət etdi: "Kəndimizə qayıtmaq istəyirik"

Ermənistan azərbaycanlıları beynəlxalq qurumlara müraciət etdi:  "Kəndimizə qayıtmaq istəyirik"
  18 İyun 2021    Oxunub:1968
1991-ci il avqustun 7-nə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri öz əvvəlki tarixi yaşayış yerlərinə qayıtmaq üçün BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar.
Müraciəti Nüvədi kəndinin ən yaşlı sakini olan 86 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev imzalayıblar.

Əmir Əliyev Azvision.az-a bildirib ki, müraciət mətni 452 ailə adından hər birinin imzaları və müvafiq sübutlarla 55 vərəqdə təqdim edilib:

“Azərbaycan xalqı multukultural və tolerant xalqdır. Biz dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazırıq. Nüvədi kəndi qədim və zəngin tarixə malikdir. Kənd ərazisində yerləşən tarixi “Sultan-Səlmə istehkamı”, o cümlədən “Baba Hacı”, “Abdulata”, “Tişneyni” və s. müqəddəs ziyarətgahları, nəhayət orta əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tarixlərdən yadigardır”.

Professor qeyd edib ki, Nüvədi kəndinin 300 illik tarixi adı dəyişdirilib və Nrnadzor adlandırılıb:

“Yer adları, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlər boyu yaşamış insanların mədəni hüquqlarının birbaşa pozulması olmaqla toponimik soyqırımı adlı soyqırımı növüdür. Toponimlər saxtalaşdırıla və dəyişdirilə bilməz. Həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhv edilir. Tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir. Bu da “mədəni soyqırımı” siyasətinin tərkib hissəsidir. Biz Nüvədi kəndindən qovulmuş azərbaycanlılar kimi öz əvvəlki tarixi yaşayış yerlərimizə geri qayıtmaq və tarixi, mədəniyyət və dini abidələrimizi qorunmasına istəyirik”.

Qeyd edək ki, 1991-ci ilə qədər bir nəfər erməninin belə yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilib. Uzun müddət həmin sənəd rəsmən təsdiq edilməyib, nəhayət 1969-cu ilin may ayında kəndin əhalisinin heç bir razılığı ifadə edilmədən Nüvədi kəndi Ermənistan SSR-nin Mehri rayonunun inzibati-ərazi vahidinə daxil edilib.

Azvision.az



Teqlər: Nüvədi  





Xəbər lenti