Prezident Qazaxıstanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

 Prezident Qazaxıstanın Baş nazirinin müavinini qəbul edib -  YENİLƏNİB
  21 İyun 2021    Oxunub:1862
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib.
Azvision.az xəbər verir ki, Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Qazaxıstan dövlətinin başçısı Kasım-Jomart Tokayev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Qazaxıstan dövlətinin başçısının və Qazaxıstanın birinci Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə və Nursultan Nazarbayevə çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi bildirilib, Prezidentlər arasında daimi təmasların əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas yaratdığı vurğulanıb.

Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olunub. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi bildirilib.

Eyni zamanda, ticarət dövriyyəsinin artırılmasının da gündəlikdə duran mühüm məsələlərdən biri olduğu qeyd edilib və pandemiya bitdikdən sonra ticarət dövriyyəsinin bərpa olunacağına və artırılacağına ümidvarlıq ifadə olunub. Bu baxımdan ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin və qarşılıqlı ixracın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq sahəsində də sıx əlaqələrin mövcud olduğu məmnunluqla qeyd edilib.

Muxtar Tleuberdi Azərbaycanın ərazi bütövlüyünün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidentini və Azərbaycan xalqını səmimiyyətlə təbrik edib. O, bu Qələbənin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib.


Azvision.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti