Əlilliyin müəyyənləşdirilməsinin meyarları dəyişdirilir

 Əlilliyin müəyyənləşdirilməsinin meyarları dəyişdirilir
  22 İyun 2021    Oxunub:1840
Bu gün Milli Məclisin növbəti iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev qanuna dəyişikliyin Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədar olduğunu deyib. Komitə sədri dəyişikliklərin əlillik təyinatının daha obyektiv aparılmasına təminat verdiyini vurğulayıb, onların hazırlanması prosesində təhlil edilmiş qabaqcıl beynəlxalq təcrübələrdən danışıb.

Dəyişikliklərdə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilməsi təklif olunub.

Qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

M.Quliyev bildirib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna yeni edilmiş dəyişikliklə vətəndaşa 10 iş günü ərzində əlilliyinin qiymətləndirilməsi barədə məlumat veriləcək. Dəyişikliklə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Müvafiq olaraq “Əmək pensiyaları haqqında” qanuna da dəyişiklik edilir.

Təklif edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, şəxsin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Eyni zamanda təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə, bir aydan çox olmayan müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Azvision.az



Teqlər: MilliMəclis   Əlillik  





Xəbər lenti