"COVID pasportu tələbi işçilərin hüquqlarını pozurmu? - Hüquqşünas

  22 İyun 2021    Oxunub :962
"COVID pasportu tələbi işçilərin hüquqlarını pozurmu? - Hüquqşünas
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə əsasən müəyyən iş və xidmət sahələrində işlərdən COVID pasportu tələb olunacaq. Belə ki, qərara əsasən iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.
Bəs COVID pasportu hansı işçilərdən tələb olunacaq?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Azvision.az -a açıqlamasında bildirib ki, COVID pasportunun tələb olunması yalnız xüsusi xidmət sahələrini əhatə edəcək.

“Hazırda toyların keçirilməsinə icazə verilir. Restoranda işləyənlərin ən azı 80 faizinin COVID pasportu olmalıdır. Restoranlar, iaşə obyektləri, dövlət xidmət sahələri, nəqliyyat, otellər, bankların işçilərinə də bu tələb nəzərdə tutulur. Bu tələb bütün sahələri əhatə etmir. Avropa və MDB məkanında belədir ki, insanlara xidmət göstərilən sahələrdə işləyən şəxslərin COVID pasportu olmalıdır. Potensial risk olan yerlərdə bu tələb oluna bilər. Lakin bir ofisdə 5 nəfər işçi işləyir və heç kəslə təması yoxdursa onlardan tələb olunmayacaq. Məsələn, kiçik sexdir, qapı-pəncərə düzəldir və onlar insanlarla daim təmasda olmur. Həmin sahələrə COVID pasportuna ehtiyac yoxdur".

S.Məmmədov COVID pasportunun jurnalistlərə də aid edilə biləcəyini qeyd eib.
“Fikrimcə, jurnalistlərə də bu qayda aid edilməlidir. Bu gün bir neçə jurnalistlə təmasda olmuşam. Onların avadanlıqlar əvvəl xüsusi salafanla bükülürdü, indi o da yoxdur. Artıq yumşalmalarla hər şey unudulur. COVID pasportunun kimlərə aid ediləcəyi siyahısı hələ yoxdur. Ona görə dəqiq bir söz demək mümkün deyil”.

S.Məmmədov bildirib ki, vaksinasiya könüllü olsa da iş yerlərində COVID immun pasportunun tələbi işçilərin hüquqlarını pozulması demək deyil.

“Bu normal yanaşmadır. Xidmət sahələrində pasportun istənilməsi tələbi məntiqlidir və insan hüquqlarının pozulması deyil. Burada insan hüquqlarının məhdudlaşması var və bu da legitim məhdudlaşmadır. Beynəlxalq normalar və Konstitutusiya görə insan hüquqlarının məhdudlaşdırılmasının baş verəcəyi hallar var. Bunlardan biri xəstəliklərin və epidemiyaların yayılmasının qarşısının alınmasına görə qoyulan məhdudiyyətlərdir. Bunlar legitim məhdudiyyətdir. Bu Avropa Konvensiyasına və Konstitutusiya zidd deyil”.

Aytən Zəhra
Azvision.az

Teqlər: COVID-pasportu  






Xəbər lenti