Azərbaycanda "Hindistan ştammı"nın yayılma təhlükəsi varmı?

  23 İyun 2021    Oxunub :769
 Azərbaycanda "Hindistan ştammı"nın yayılma təhlükəsi varmı?
Koronavirusun "Hindistan ştammı"nın aşkar olunduğu ölkələrin siyahısı hər ötən gün genişlənir. Bu gün siyahıya Belarus da daxil olub. Minskdə COVID-19-a yoluxduqları təsdiq edilən şəxslərdən götürülmüş nümunələrin təhlili nəticəsində, 10 nəfərdə “Hindistan variantı"na uyğun mutasiya aşkarlanıb.
Hazırda ən kritik vəziyyət Rusiyada müşahidə edilir. Son məlumatlara görə, Rusiyada yoluxanların 90 faizində “Delta” ştammı aşkarlanıb. Qonşu Gürcüstanda da yeni növə yoluxanlar var.

-Azərbaycanda necə, "Hindistan ştammı" təhlükəsi varmı? Virusun bu yeni növü necə aşkar edilir və laboratoriyalarımızda onu müəyyən etmək mümkündürmü?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Azvision.az -ın sorğusuna cavab olaraq bildirib ki, virusun müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır:
"Bu günə kimi Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur".



Həkim-infeksionist Vüqar Cavadzadə isə, Azvision.az -a açıqlamasında bildirib ki, Azərbaycanda Hindistan ştammının varlığı barədə rəsmi məlumat yoxdur.

“Əgər koronavirusun yeni növü aşkar edilərsə, bu haqda ictimaiyyətə məlumat veriləcək. "Hindistan ştammı" adi COVID-19 virusunun aşkar olunduğu PCR testi ilə müəyyən edilir. Onun əlamətləri COVID-19-dan fərqlənmir. Heç bir həkim, pasientin virusun konkret olaraq hansı növünə yoluxduğunu qabaqcadan deyə bilməz. Bütün ştamların əlamətləri biri-birinə oxşardır. Onları ayırd etmək yalnız laborator təhlillərdən sonra mümkündür”.

Həkim qeyd edib ki, "Hindistan ştammı"nın müalicəsi üçün, COVID-19 əleyhinə aparılan üsullar tətbiq edilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hindistan-ştammı  






Xəbər lenti