Koçaryanın ən səmimi açıqlaması, yaxud, Ermənistanda "seçki" adı ilə keçirilən əslində nə idi – TƏHLİL

    Koçaryanın ən səmimi açıqlaması,    yaxud, Ermənistanda "seçki" adı ilə keçirilən əslində nə idi –    TƏHLİL
  24 İyun 2021    Oxunub:6984
Ehtiraslar sakitləşib və indi ayıq başla düşünmək olar: Ermənistanda keçirilən seçki nə idi, hansı məqsədi daşıyırdı? Aydındır ki, məqsəd yeni baş nazir seçmək deyildi. Dövlət idarəçiliyində yaranmış böhranı aradan qaldırmaq, sabitliyi təmin etmək də deyildi. Hadisələr göstərirdi ki, Ermənistanda sabitliyin pozulması təhlükəsi də yoxdur.
Yada salaq: Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsilə bağlı müzakirələr yanvar ayında başlamışdı. Amma Paşinyan buna qarşı çıxırdı. Fevralın 26-da İrəvanın mərkəzi meydanında keçirilən mitinqdə baş nazir özünün istefası ilə bağlı tələblərə toxunaraq, aksiya iştirakçılarından soruşmuşdu: “Siz növbədənkənar parlament seçkisinin keçirilməsini istəyirsinizmi?”
Cavabında kütlə “voç!” (“yox”),- deyə uğuldamışdı.
- Vəssalam, - Paşinyan məsələnin nöqtəsini qoymuşdu,- Mən sizin istəyinizi nəzərə alaraq, növbədənkənar seçki məsələsini gündəmdən çıxarıram.

Bir də xatırladaq ki, bu hadisə fevralın 26-da olub. Cəmi 4 ay əvvəl. Ardınca “Mənim Addımım” fraksiyası növbədənkənar seçkinin keçirilməsi məsələsini parlamentin də gündəmindən çıxardı.
Fəqət bundan düz bir ay sonra, martın 28-də Armavir sakinlərilə görüşəndə Paşinyan ilk dəfə elan etdi ki, növbədənkənar seçkilərin keçirilməsi məqsədilə apreldə istefaya gedəcək.

Həmin o bir ayda nə baş vermişdi? Bəlkə müxalifət xeyli güclənmiş, nəzarətdən çıxan böyük kütləvi mitinqlər keçirilmişdi? Xeyr. Tam əksinə. Birləşmiş müxalifət getdikcə zəifləməkdə idi. Elə isə Paşinyanı bir aya fikrini dəyişməyə və növbədənkənar seçkiyə razılaşmağa nə vadar etmişdi?
Gəlin, aydınlaşdırmağa çalışaq.

Bəzən hansısa siyasi oyunun məqsədini başa düşmək üçün onun qurtarmasını gözləmək və sonunu görmək lazım gəlir. Ermənistandakı seçki oyunu da belə oldu. İndi nəticələrə baxanda aydın olur ki, bu seçki Paşinyanı baş nazir eləmək üçün keçirilməmişdi. Bu seçki Koçaryanı (geniş mənada isə “Qarabağ klanı”nı) parlament müxalifəti eləmək üçün keçirilmişdi. Məqsəd hökumətin yox, məhz parlament müxalifətinin restruktizasiyası olub.



Görün, Koçaryanın özü nə deyir: “Elə bilirsiniz, parlamentə mandat üçün gedirik? Yox. Gedirik ki, hökumətdən məsul olaq”. Bu, onun bəlkə də, bütün həyatı boyu verdiyi ən səmimi açıqlamadır. Bir xırda düzəliş ilə: Robert Sedrakoviç “hökumətdən məsul olmağa” GETMİR, GÖNDƏRİLİR. Qalan hər şey düzdür.

Parlamentə keçən qüvvələrin arasında həm ikinci, həm də üçüncü yerləri tutan blokların Rusiyaya bağlı “Qarabağ klanı” ilə əlaqəli olması oyunun bütün mahiyyətini açıb göstərir. Koçaryan parlament müxalifəti olmaqdan çox, Paşinyanın başının üstündə asılan Domokl qılıncıdır. Bir siyasi qüvvənin başının üstündən digərini bu sayaq asmağı elə şəkildə həyata keçirir ki, biz kənardan baxanda onu “demokratiyanın təzahürü” kimi görürük. Halbuki, ssenari lap əvvəldən belə cızılmışdı: Nikol hakimiyyətdə qalmalı idi və qaldı da, amma bir şərtlə: Başının üstündən “qılınc” asılmalıdır. “Seçki” adı ilə keçirilən proses həmin qılıncın asılması prosesi idi.

Hər şey necə olmalı idisə, o cür də oldu. Paşinyan 10 noyabr sazişini sona qədər icra etməli olan şəxsdir, bu, onun belinə yüklənmiş çarmıxıdır və sonacan daşımalıdır. O səbəbdən, vəzifəsində qalmalı idi və qaldı. Amma bu zaman ona nəzarət etmək istəyənlərə əvvəlki parlament əl vermirdi və ora daha sərt, daha dişli bir müxalifət, yaxud, daha güclü bir təsir rıçaqı yerləşdirilməli idi. Seçki bunun üçün keçirildi və Paşinyanın üzərində həmin nəzarət mexanizmi yaradıldı. Bundan sonra proses daha rahat gedəcək.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti