Ermənistan yenidən Qərbə dönür – TƏHLİL

Ermənistan yenidən Qərbə dönür – TƏHLİL
  13 Mart 2014    Oxunub:1709
Rusiya isə getdikcə Yerevanı daha bərk sıxmağa çalışır
Rusiya əleyhinə fəaliyyətini qısa müddətli zəiflətdikdən sonra Ermənistan bu istiqamətdə siyasətini yenidən aktivləşdirdi. Sərkisyanın antirusiya fəaliyyətini gücləndirməsi Soçi olimpiadası və Ukrayna hadisələrilə həmahəngdir.

Serj Sərkisyanın Qərbə meyllənməsinin əsas mahiyyəti antirusiyaçılıqdır. O, Aİ və “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı heç nəyin dəyişmədiyini bildirib. Ay ərzində bu fikri dörd dəfə təkrarlayıb. Çexiyada olarkən Aİ-lə münasibətlərlə bağlı ikibaşlı münasibət bildirsə də, Yunanıstan parlamentinin spikeri V.Meymarakis ilə görüşdə bu fikri aşkar şəkildə bəyan edib. Eləcə də ölkə daxili tədbirlərdə də məhz sentyabrın 3-nə qədər baş vermiş prosesin davam etdiyi anlamda bu fikri işlədib.

Sərkisyanın Aİ ilə münasibətləri barədə fikrinin Qərb tərəfdən də dəstəyi var. Fransanın Ermənistandakı səfiri A.Reno məhz bu andan (Ukrayna proseslərinin aktivləşməsi gözlənildiyi vaxtda) Ermənistanın Aİ-lə əməkdaşlığı prosesinə yeni stimul veriləcəyini bildirib: “Fransa Ermənistanın Aİ-lə imkan daxilində yaxınlaşmaq arzusuna yaxından bələddir və bundan sonra Fransa onun bu istiqamətdəki hərəkətinə daha qətiyyətlə kömək edəcəkdir. Ermənistan öz tarixi və mədəniyyətinə görə dərin avropayönümlü ölkədir”.

Eləcə də Qərb Ermənistana yenidən maliyyə dəstəyi verməyə hazırlaşır. “Fitch” reytinq təşkilatı Ermənistanda 2013-cü il ərzində investisiyanın və iqtisadi artım tempinin iki dəfə azalmasını, əhalinin ölkəni sürətlə tərk etməsini nəzərə almadan investisiya reytinqini əvvəlki qaydada saxladı. Bunun ardınca Dünya Bankı Ermənistan hökuməti ilə birlikdə Ermənistanın dağ-mədən sənayesinin inkişafını maliyyəşdirmək planlarını müzakirə etdi. Baş nazir və Dünya Bankının təmsilçisinin müzakirəsində ABŞ, Böyük Britaniya və Almaniyanın Ermənistandakı səfirləri də iştirak etdilər.

Aparıcı Qərb ölkələrinin səfirləri Ermənistandakı paralel iqtisadiyyatın yaranmasında aktivliklərini davam etdirirlər. ABŞ-ın Ermənistandakı səfiri C.Heffern pensiya sisteminə yığım fondlarının müzakirəsi zamanı hökumətin iclasında iştirak etdi, çıxış edərək yığım fondlarının yaradılmasını dəstəkləyib. Ermənistanın ictimai siyasi mühiti səfiri ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi, onu Ermənistan hökumətinin ştatdankənar vəkili adlandırdılar. İşin ən qəribəsi odur ki, Ermənistan Konstitusiya Məhkəməsinin pensiya müavinəti sisteminə yığım fondları ilə bağlı qərarı bəllidir. Konstitusiya Məhkəməsi yığım fondlarının fəaliyyətinə icazə vermədi. Ermənistan prezidenti və baş nazirinin yığım fondlarının fəaliyyətə başlamasını dəstəkləmələrini başa düşmək olar. Lakin xarici ölkə səfirinin hökumətin işinə qarışması, xüsusilə antikonstitusion addımlar atmasını Ermənistan rəhbərliyilə ABŞ səfiri arasında olan etimadın, siyasi iradənin göstəricisidir.

Sərkisyanın Qərbə yaxınlaşması və onun bu addımının Qərb tərəfindən müsbət qarşılanması indiki dövrdə Ermənistanın apardığı siyasəti əsas xarakterizə edən keyfiyyətdir.

Rusiya Ermənistanın ikibaşlı oyununun mahiyyətini başa düşür. Ermənistan rəhbərliyi üçün son dövrlər Rusiya rəhbərliyini aldatmaq müşkülə çevrilib. Ermənistanın ikibaşlı oyunlarının qarşısını almaq üçün Rusiya ciddi tədbirlər planı hazırlayıb reallaşdırır.

Rusiya Ermənistan Respublikasının bütün perimetri boyunca sərhədlərini müəyyənləşdirdi və öz nəzarəti altına götürdü.

“Kalininqrad statusu” artıq Ermənistanda işlək terminə çevrilib. İndi rəsmilər də çəkinmədən deyirlər ki, Rusiya Ermənistan üçün “Kalininqrad statusu”nu müəyyənləşdirib. Kalininqrad eksklavdır, Rusiyanın tərkib hissəsidir. SSRİ dağıldıqdan, Baltikyanı dövlətlər müstəqil olduqdan sonra RF-in öz tərkib hissəsi olan Kalininqradla birbaşa coğrafi əlaqə yoxdur. Ermənistanın Kalininqrad statusuna malik olması onun təkcə Rusiya ilə coğrafi təmasa malik olmaması deyil, həm də Rusiyanın tərkibinə daxil olması anlamında başa düşülməlidir.

Rusiya Ermənistanda hərbi hospital yaratdı. Bu, RF-in Ermənistana inamsızlığının ən bariz nümunəsidir. Cərrahi bölmədən tutmuş, stomatoloji şöbəyədək bütün tibbi xidmətlərin olacağı bu hospital Rusiyanın Ermənistanda müharibə ehtimalını nəzərdə tutduğunu deməyə əsas verir. Rusiya Ermənistanda elə rəqiblə müharibə edəcək ki, o müharibənin yaralılarını Ermənistanın hərbi hospitallarında və ya mülki xəstəxanalarında tibbi yardım göstərmək və müalicə etdirmək mümkün olmayacaq. Başqa sözlə, Rusiya Ermənistanın daxilində Qərb və ya digər qüvvələrlə müharibə ehtimalını nəzərdə keçirir. Ona görə Ermənistanın tibbi strukturlarına da etibar etmir.

Rusiyanın ən böyük dövlət informasiya agentliyinin rəhbəri D.Kiselyov Yerevanda “Qriboyedov” klubu yaradıb. “Qriboyedov” adı ermənilərin saxta tarixini ifşa edən addır. Çar Rusiyasının Rus-İran müharibələri dövründə İranda səfiri işləyən A.Qriboyedov İran ərazisindəki ermənilərin indiki Ermənistana və Dağlıq Qarabağa köçürülməsi prosesini təşkil edib. Başqa sözlə, D.Kiselyovun “Qriboyedov” klubu ilə RF ermənilərə mesaj verir ki, siz bu gün bu torpaqda A.Qriboyedova görə yerləşmisiniz. Kiselyov və onun fəaliyyəti RF prezidenti V.Putinin diqqətindədir.

Hazırda Rusiya Ermənistanı Gömrük İttifaqına girməkdə daha da tələsdirir. Şübhə yaradan məqamlardan biri Ermənistanın Metsamor AES-inin indiki reaktorunun fəaliyyətinin daha on il müddətinə uzadılması məsələsinin müzakirə edilməsidir. Bu məsələdə iki nüans var: əvvəla, Ermənistanda yeni AES tikilməyəcək; ikincisi, Rusiya Ermənistanda əlavə elektrik enerjisi istehsal etmək istəyir. Rusiyanın Ermənistanda əlavə elektrik enerjisi yaratmasının bir səbəbi ola bilər: Ermənistanın ABŞ-a satdığı Vorotan SES-in rolunu aradan qaldırmaq. Vorotan SES Rusiyanın bütün Qafqazdakı maraqları üçün ciddi təhlükədir.

Ermənistan Avrasiya məkanında vahid valyuta məsələsində ziddiyyətli mövqedədir. Əvvəlcə bu ideyanı inkar edirdi, indi isə mümkün sayır. 2013-cü ildə Ermənistana bank sistemi vasitəsilə 1.87 milyard dollar şəxsi transfert daxil olub. Bunun 1,6 milyard dolları Rusiyadan gəlib.
M.Xodorkovski həbsdən azad edildikdən sonra bəlli oldu ki, onun varidatının çoxu xaricə Ermənistan vasitəsilə çıxarılıb. Bu niyyətlə onlar “Yukos” kompaniyasının Ermənistanda törəmə şirkətini yaradıblar.

Ermənistan Gömrük İttifaqından kənarda qalacaqsa, A.Duqinin fikrincə, xəritədən silinəcək (yeri gəlmişkən, A.Duqin də “Qriboyedov” klubunun üzvüdür). V.Tretyakın fikrincə isə, Gömrük İttifaqından kənarda qalmış Ermənistan Dağlıq Qarabağı birdəfəlik itirəcək.

Amma Qərbpərəst ekspertlərin fikrincə, Ermənistanın Gömrük İttifaqına üzvlüyü onun müstəqilliyinin itirilməsi deməkdir. Ermənistanın eks XİN başçısı Vardan Oskanyanın fikrincə, hətta Dağlıq Qarabağı itirib müstəqil olmaq, Gömrük İttifaqına girməmək daha faydalı olardı. Onun fikrincə, Ermənistanın Gömrük İttifaqına üzvlüyü regionda əlavə bölücü xətt yaradacaq.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) hesabatından
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti