“Biz hələ elektrokar minməyiriz...” Niyə?! – Araşdırma

   “Biz hələ elektrokar minməyiriz...” Niyə?! –    Araşdırma
  25 İyun 2021    Oxunub:4083
Bu gün dünyanın inkişaf etmiş ölkələrində elektromobillərə sürətlə keçid edilir. Ekoloji cəhətdən təmiz olan bu avtomobillərin sayı dünyada 10 milyonu ötüb. Avropa və Çində son 12 ildə ilk dəfə elektrikli nəqliyyat vasitələrinə olan tələb adi avtomobillərə olan tələbi üstələyib.
“Ernst & Young” beynəlxalq audit və konsaltinq şirkətinin analitiklərinin açıqlamalarına görə, elektrikli avtomobillərin satışda daxili yanma mühərrikli avtomobilləri üstələməsi əvvəllər gözlənildiyi kimi 2038-ci ildə deyil, 5 il tez - 2033-cü ildə baş verəcək. Analitiklərin fikrincə, 2045-ci ilə qədər daxili yanma mühərrikli avtomobillərin satışı dünya avtomobil bazarındakı satışların bir faizini təşkil edəcək.

Hazırda “elektrokar”ların Çindən sonra ən çox olduğu ölkə ABŞ, Yaponiya, Norveç, Hollandiya və Britaniyadır. Onlara daha çox 20-30 yaş arası insanlar maraq göstərirlər. Pandemiya ərəfəsində koronavirusa yoluxma qorxusu ilə ictimai nəqliyyatdan istifadə etmək istəməyən “milleniallar” (bu əsrdə doğulanlar) da məhz elektrokar almağı üstün tutublar.

Bundan başqa dövlətlər tərəfindən “yaşıl” avtomobillərə qoyulan vergilərin azaldılması, əksinə, benzin və dizel mühərrikli avtomobillərə qadağaların artırılması da elektromobillərin alışını sürətləndirir.



Bütün dünyada olduğu kimi, Azərbaycanda da elektriklə işləyən avtomobillərə maraq hər ötən gün artır. Belə ki, ötən il Azərbaycana gətirilən elektromobillərin sayı sıçrayışla artaraq, 5300-ə çatıb. 2018-ci ildə isə bu rəqəm 146 idi. Ölkəmizdə “Tesla Model S”, “Tesla Model X”, “Chevrolet Volt”, “Nissan Leaf” modellərindən istifadə edilir.
Amma “elektromobil” deyəndə ağla ilk gələn onun şarj edilməsi olur. Bakıda bunun üçün infrastruktur varmı?

“Socar Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Azvision.az -a açıqlamasında bildirib ki, Bakı şəhərində elektromobillərin şarj olunması üçün qurumun 3 məntəqəsi fəaliyyət göstərir. Bunlardan biri keçmiş Sabunçu dairəsi yaxınlığında, Koroğlu-Hava limanı istiqamətində, ikincisi “Buta Palace”ın yanındakı məntəqədədir. Bunlar İspaniya istehsalı super sarj avadanlıqlarıdır və 20-25 dəqiqə ərzində maşını tam şarj edirlər.



- Üçüncü avadanlıq Bibiheybət məscidi yaxınlığındakı məntəqəmizdədir. Bu, Sinqapur istehsalı cihazdır, avtomobilin marka və modelindən asılı olaraq, 30-40 dəqiqəyə tam doldurur. Bundan əlavə, Heydər Əliyev Mərkəzinin ərazisində, “Gənclik Mall”un parkinq hissəsində, “Azpetrol”un bəzi məntəqələrində, eyni zamanda regionlardan “Şahdağ” Turizm Kompleksinin ərazisində şarj məntəqələri var,- deyə o, siyahını tamamlayıb.



Ü.Həbibəylinin sözlərinə görə, bu məntəqələrdə il ərzində təxminən 6 avtomobil şarj edilir: “Gömrükdə rüsumlarla bağlı müəyyən yumşalmalar oldu, bəlkə bundan sonra elektromobillərə maraq artar. Amma mövcud vəziyyət belədir. Bu avtomobillərin servis mərkəzləri də azdır, 1 və ya 2 mərkəz bəlkə olar. Biz yeni layihəyə start vermişik. Bütün məntəqələrimizdə elektromobillərin şarj edilməsi mümkün olacaq, eyni zamanda, şirkət həmin avtomobillərə xidmət göstərmək üçün servis mərkəzləri də açacaq.

Şarj aparatları 3 fazalı, 380-400 Voltla çalışdığı üçün avtomobilin markasından asılı olaraq, 20-30 dəqiqəyə doldurur. Amma bu avtomobilləri evdə 220 Voltla da doldurmaq mümkündür. Sadəcə, müddət uzanır və 10-12 saat çəkir.

Qiymətlərə gəlincə, “Ötən aya qədər məntəqələrimizdə elektromobillərin şarj edilməsi pulsuz idi. Amma bundan sonra 30 dəqiqə üçün 3 manat, 60 dəqiqə 5 manat hesablanır. “Tesla” avtomobilləri tam şarj olanda 450 km, “Chevrolet”in “Volt” modeli 200-250 km, Sinqapur istehsalı “Zzar” modelləri 150-200 km gedir”,- deyə o, bildirib.



Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, Azərbaycanda elektromobillərə maraq o qədər də böyük deyil. Çünki bu maşınlar çox bahadır, təmir servisləri azdır, usta potensialı yox dərəcəsindədir. Elektromobillərlə bağlı təbliğat-təşviqat prosesi də zəifdir. Bu istiqamətdə geniş layihələr yoxdur.
- Ona görə də insanların marağı aşağıdır. Gömrük rüsumları azaldılıb, elektromobil gətiriləndə onun dəyərinin 15 faizi rüsum şəklində ödənilir, qalan rüsumlardan azad olunub. Lakin fikrimcə, bu da çoxdur. Elektromobilləri tam olaraq rüsumlardan azad etmək və ya simvolik bir ödəniş qoymaq olar ki, insanlar maraq göstərsin,- deyən Elməddin Muradlı bildirib ki, ölkədə elektromobillərin doldurulma məntəqələri də çox azdır.

Bu gün Azərbaycanda hibrid avtomobillərə maraq daha çoxdur. Onların ölkəyə gətirilməsi üçün güzəştlər yoxdur, lakin hökümət səviyyəsində açıqlama verildi ki, olması gözlənilir.
- Bu addım atılsa, hibrid avtomobillərlə yeni dövrə keçid edə bilərik. Çünki benzin və dizeldən birbaşa elektromobilə keçid edəndə sürücülərdə tərəddüd yaranır. Güzəştlər olarsa, insanlar hibrid avtomobillərin gücünü, büdcəyə təsirini, ekoloji təmizliyini görüb, gələcəkdə elektromobillərə meyillənə bilərlər.

- Elektromobillərin servisi olmadığı üçün onlar başqa ölkəyə göndərilir. Tanıdığım bir şəxsin elektromobili kiçik təmir işləri üçün Dubaya göndərilməli idi, bu da 13 min dollara başa gəlirdi. Həmin şəxs imkanlı olduğundan, bu pulu ödəyə bildi. Amma orta və aşağı təbəqənin insanları bunu edə bilmir. Dünyanın inkişaf etmək ölkələri elektromobillərə sürətlə keçid edirlər. Çünki özləri istehsal edir və qiymətlər nisbətən aşağı olur. Bizdə isə bu proses çətin gedəcək,- deyə E.Muradlı vurğulayıb.



Azərbaycana “Tesla” elektromobillərini gətirən, eyni zamanda, “Tesla Servis”in rəhbəri Hüseyn İsmayılov bildirib ki, artıq ölkədə 300-dən çox “Tesla” modeli var:
- Hazırda elektriklə işləyən 10 “Mercedes”, 20 “Tesla” sifarişimiz var. Onları gətirəcəyik. Dünyada elektromobillərə maraq böyükdür. Norveç artıq tam olaraq elektromobillərə keçib. Avropada 2030-cu ilə qədər daxili yanma mühərriki ilə işləyən avtomobil qalmayacaq. Azərbaycanda da bu prosesə start verilib və bütün yanacaqdoldurma məntəqələrində elektriklə işləyən avtomobillər üçün şarj nöqtələri yaradılır. Artıq 30-a yaxın belə məntəqə var. Qarabağda da bununla bağlı işlərə start verilib”.

H.İsmayılov qeyd edib ki, “Tesla” avtomobillərinin yeni modellərinin qiyməti 56 min dollardan 150 min -170 min avroya qədərdir. "Amma normal keyfiyyətli ikinci əl avtomobillər auksionda 18-23 min dollara olur. Bu qiymətə 2 min dollar karqo pulu və 15 faiz ƏDV ödənilir. Beləcə, haradasa 55 min manata işlənmiş elektrokarın xoşbəxt sahibi olmaq sevincini yaşamaq mümkündür. Baha çıxır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Elektromobil  





Xəbər lenti