Ayın müsahibəsi: Müdafiə naziri döyüşlərlə bağlı maraqlı detallar açıqladı - VİDEO

 Ayın müsahibəsi:  Müdafiə naziri döyüşlərlə bağlı maraqlı detallar açıqladı -  VİDEO
  26 İyun 2021    Oxunub:2759
“Bu müharibə göstərdi ki, Azərbaycan Ordusunun idarəçiliyi ən müasir səviyyədə qurulub, döyüşlərdə operativ şəkildə qoşunların, hissə və bölmələrin idarə etmək imkanları var”.
Azvision.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov "Real" TV-ə müsahibəsində deyib. O qeyd edib ki, Prezident İlham Əliyev Vətən Müharibəsi zamanı hər bir əməliyyatı izləyib:

“Mən döyüş meydanlarını, meydanda baş verənləri ekranda görürdüm. Ali Baş Komandan, möhtərəm cənab Prezident bütün bunları şəxsən, hər dəqiqə izləyir, öz tapşırıq və tövsiyələrini verirdi. Biz də bunu uğurla icra edirdik”.

Nazir Ermənistanın hərbi əməliyyatları peşəkarcasına təşkil edə bilməməsindən də söz açıb və onların hücumlarında kənar müdaxilələrin olmasını bildirib:

“Bəzi hallarda əməliyyatların keçirilməsində qaranlıq məsələlər olurdu. Məndə bu cür fikir formalaşırdı ki, bunu təşkil edən hərbçi deyil. Yəni hərbçi belə üsullara əl atmaz. Bir misal çəkim. Biz döyüşlər vaxtı bir hadisə ilə qarşılaşmışdıq. Komandir mənə hücumla bağlı məruzə etdi. Təbii ki, o hücumun istiqamətini deyir, düşmənin hansı qüvvə ilə irəlilədiyini bildirir və öz qərarını da söyləyirdi. Mən isə, bu qərarı ya təsdiq etməliyəm, ya tövsiyələrimi bildirməliyəm, ya da o məndən əlavə dəstək istəyir və s. Onun səsinə qulaq asdıqdan sonra dedim ki, birtəhər məruzə edirsən, nə məsələdir? Cavab verdi ki, burada nə isə qaranlıq məsələ var.

Köməkçilərim həmin hücumu xəritədə qeyd edirdilər və mən də baxıb düşmənin niyyətini öyrənməyə çalışdım ki, əks-tədbir görüm. Baxdım ki, bu mənasız, yersiz bir hücumdur. Həmin istiqamətdə olan hücum düşmənə heç nə vermir. Ona görə də, müavinim general Kərim Vəliyev ərazidə olduğu üçün onunla əlaqəyə çıxdım. O da dedi ki, bunlar hücumun təşkilində çox qərarsız görünürlər, əməliyyatlarına nə artilleriya, nə də aviasiya dəstəyi var, cinahlar isə açıqdır. Məqsədləri belə aydın deyildi. Təbii ki, biz də artıq hazırlığımızı görmüşdük, artilleriyanın tapşırıqları var idi ki, düşmən atəş anına girən kimi onları məhv etsin. Bir neçə dəqiqə keçmişdi ki, mənə düşmənin hücumunu dayandırdığını, bütün texnikanı, tankları, döyüş maşınlarını meydanda qoyub qaçdıqlarını məruzə etdilər. Yəni bu cür hadisələr olurdu. Ona görə də, məndə belə bir fikir yaranıb ki, yəqin bu əməliyyata kimsə müdaxilə edib”.




Teqlər: Ordu  






Xəbər lenti