Azərbaycan və Belarus prokurorları görüşdülər

Azərbaycan və Belarus prokurorları görüşdülər
  29 İyun 2021    Oxunub:1216
Belarus Respublikasının İstintaq Komitəsinin yaradılmasının onilliyi və Komitənin ixtisasartırma və peşə hazırlığı institutunun yaradılmasının ildönümü ilə əlaqədar “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak etmək üçün Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərinə səfər ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, konfransın gedişində Baş prokurorun birinci müavini çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də aparılan islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Çıxış zamanı iştirakçılara “Azərbaycan Respublikası timsalında prokurorluq işçilərinin peşə hazırlığı sahəsində müasir tendensiyalar” adlı elmi məqalə təqdim edilib. Çıxış konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzuya dair iştirakçıların sualları ətraflı cavablandırılıb. Səfər çərçivəsində nümayəndə heyəti ilə Belarus Respublikası İstintaq Komitəsinin sədri Dmitriy Qora arasında görüş keçirilib, iki ölkə arasında formalaşmış zəngin tarixə malik və ilbəil daha da dərinləşən münasibətlər diqqətə çatdırılmaqla, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin, nümayəndə heyəti Belarus Respublikasının Baş Prokuroru Andrey Şved tərəfindən qəbul olunub. Görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanaraq, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi və səmərəli hüquqi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub. Bundan başqa, nümayəndə heyəti konfransda iştirak edən bir sıra ölkələrin nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti