"Polad Həşimov" gələcəyin ulduzlarını yetişdirəcək - Klubun rəhbəri işlərin gedişindən danışdı

 "Polad Həşimov" gələcəyin ulduzlarını yetişdirəcək -  Klubun rəhbəri işlərin gedişindən danışdı
  30 İyun 2021    Oxunub:3004
Polad Həşimov adına azyaşlılardan ibarət futbol klubunun açılışı Milli Qəhrəmanın ölümünün ildönümündən sonra baş tutacaq.

Bu haqda Azvision.az -a klubun Prezidenti, Türkiyədə fəaliyyət göstərən, “Çukur” filmində rol alan azərbaycanlı aktyor Nihat Ələsgərov məlumat verib. O, klubun formalaşması prosesindən söz açıb.
“Klubumuzun 15-20 arası oyunçusu var. İki həftəyə yaxındır ki, azyaşlı futbolçularımız məşqlərə başlayıblar. Açılış mərasimini generalın ildönümündən sonraya salmağı planlaşdırmışıq. Mən hazırda Azərbaycandayam, heyətin seçilməsi və kluba uyğunluq məsələləri ilə məşğulam. Biz seçimləri edərkən hər şeyə fikir veririk. Çünki bu, bir generalın adını daşıyan klub olacaq. Gənc komandanın baş məşqçisi Emin Mustafayevdir. O, mənim uşaqlıq dostumdur. “Qarabağ” klubunda oynayıb. Biz birlikdə Polad Həşimovu sevənlərin komandasını yaradırıq. Generalın qardaşı İlhamla da tez-tez danışırıq. İlham bəy ilk məşqimizə də gəlmişdi”.



N. Ələsgərovun sözlərinə görə, klub Bakıda fəaliyyət göstərəcək. Komandanın yaxşı performans göstərən oyunçuları gələcəkdə Türkiyə futbol arenasına çıxmaq şansı qazanacaqlar. Nihat bəy bu məsələdə Türkiyədəki bağlantılarından istifadə edəcək.

“Məqsədimiz uşaqlarımızın vətənpərvər ruhda böyüməsidir. Eyni zamanda bu uşaqların gələcəkdə Azərbaycan Milli Komandasına faydaları ola bilər”.

Klub prezidenti əslən Qarabağdandır. O, Vətən Müharibəsi başlayan zaman Türkiyədəki serial və digər çəkilişlərini yarımçıq qoyaraq savaşa qatılıb. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Deyir ki, elə müharibə günlərində ona Türkiyədən zəng edib Polad Həşimovla bağlı film çəkmək istədiklərini bildiriblər. Aktyorun döyüşlərdə iştirakı bu layihənin gerçəkləşməsini ləngidib. Növbəti layihəni- klubun yaradılmasını isə müharibədən sonra reallaşdıra bilib.

“Müharibədən öncə belə bir təklif gəlsəydi, klubun adını “Ağdam” və ya “Şuşa” qoyacaqdım. Polad Həşimovun qəhrəmanlıqları ilə tanış olandan sonra generalın anası Səmayə xanımın əlini öpüb, ona belə bir ideyamızın olduğunu dedim. O, bunu çox yaxşı qarşıladı və ideyanı bəyəndi.

Mən Ağdamın işğalı günündə doğulmuşam. Bu günə qədər bu səbəbdən heç bir zaman doğum günümü qeyd etməmişəm. Ona görə də Vətənimin azadlığı uğrunda savaşan, şəhid olan bir qəhrəmanın adını əbədiləşdirmək, yaşatmaq üçün kiçik də olsa payımın olmasını istədim”.







Şahanə Rəhimli

Azvision.az




Teqlər: PoladHəşimov   Klub   Qəhrəman  






Xəbər lenti