DOST Agentliyinin təcrübəsi Avropada təqdir edilib

DOST Agentliyinin təcrübəsi Avropada təqdir edilib
  03 İyul 2021    Oxunub:901
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Avropa Sosial Şəbəkəsinin keçirdiyi beynəlxalq konfransda iştirak edib. Konfransda sosial xidmətlərin gələcəyinin yeni müstəvidə inkişafı barədə müzakirələr aparılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən Azvision.az -a verilən məlumata görə, DOST Agentliyinin İdarə Heyətinin sədri konfransa Şura üzvü statusunda qatılıb və spiker qismində plenar iclasda çıxış edib.

Müzakirələr zamanı yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə DOST Agentliyinin üzləşdiyi problemlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və agentlik tərəfindən sosial xidmətlərin göstərilməsinə dair qəbul edilmiş və icrası təmin olunmuş çevik qərarlar, distant, o cümlədən mobil və elektron xidmətlər, eləcə də yeni xidmət formaları barəsində ictimaiyyətin geniş məlumatlandırılması diqqət mərkəzində olub. DOST Agentliyi tərəfindən tətbiq edilən bir sıra səmərəli layihə və yanaşmaların – könüllülük, mobil xidmətlər, çevik idarəetmə proseslərinin yenilikçi və mütərəqqi olması Avropa Sosial Şəbəkəsi ESN üzvləri tərəfindən xüsusi olaraq qeyd edilib.

DOST Agentliyinin təcrübəsi, eləcə əldə edilən nailiyyətlər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bir çox məsələlərdə agentliyin uğurlu təcrübəsinin öyrənilməsi üçün məsləhətlər alınıb.

DOST Agentliyinin təklifləri, xüsusilə də xidmətlərin tam rəqəmsallaşdırılması, güvənli hökumət və çevik idarəçilik mövzusunda təcrübəsi diqqətə səbəb olub və növbəti konfransın gündəliyinə salınması məsələsi nəzərdən keçirilib. Həmin məsələlər müzakirə olunarkən Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv olmadığına baxmayaraq, Aİ ölkələrində sosial xidmətlərin təkmilləşdirilməsi məsələsində ölkəmizin təcrübəsinin öyrənilməsinin əhəmiyyətli olduğu qeyd edilib.

Qeyd edək ki, konfransda iştirak DOST Agentliyinin Avropa Sosial Şəbəkəsi ilə əməkdaşlığının davamıdır. Belə ki, 2020-ci ilin oktyabrında DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin təşəbbüsü olan ESSA mükafatı müsabiqəsində “Sosial xidmətləri dəstəkləyən texnologiya alətləri” kateqoriyasında “Hüquqi və ləyaqətli həyat: həyatdan daha artıq” adlı layihə ilə iştirak edib və finalçılar siyahısına daxil olub. Avropa Sosial Şəbəkəsi bu potensialı yüksək qiymətləndirərək DOST Agentliyinə şəbəkəyə üzv olmaq təklifi ilə müraciət edib.

Xatırladaq ki, DOST Agentliyinin inkişaf sürəti, toplanılmış qabaqcıl təcrübəsi, xarici ölkələr ilə təcrübə mübadiləsi və inkişaf meyilləri nəzərə alınaraq, 2021-ci ilin yanvarında Avropa Sosial Şəbəkəsinə Şura Üzvü statusunda qəbul edilib.

Azvision.az



Teqlər: DOST  





Xəbər lenti