"Yarışlara görə ölkəmizə qarşı çirkin kampaniya aparanlar iflasa uğradılar"

"Yarışlara görə ölkəmizə qarşı çirkin kampaniya aparanlar iflasa uğradılar"
  04 İyul 2021    Oxunub:8425
“Ölkəmiz bu günə qədər dünya miqyasında keçirilən bir çox mötəbər tədbirlərə, idman yarışlarına ev sahibliyi edib. Bunların heç birində təhlükəsizliklə bağlı problem yaşanmayıb”.
Bu barədə Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bildirib. O qeyd edib ki, 44 günlük müharibədən yeni çıxmış ölkədə daha bir beynəlxalq idman yarışının keçirilməsi həm Azərbaycanın etibarlı tərəfdaş olması, həm də təhlükəsizliklə bağlı məsələlərin yüksək səviyyədə təşkilindən irəli gəlir:
- Buna görə də yarışların keçirilməsi ilə bağlı təşkilatçılar qarşısında heç bir sual doğurmadı. Nəzərə alsaq ki, Azərbaycanda dayanıqlı iqtisadiyyat qurulub, müharibə iqtisadiyyatımıza heç bir mənfi təsir göstərmədi. Xüsusi qeyd olunmalı məqam həm də COVİD-19 pandemiyasıdır. Hər kəsə məlumdur ki, bir neçə ölkə qlobal pandemiya səbəbindən bəzi beynəlxalq yarışları ləğv edib. Ölkəmizdə həyata keçirilən düzgün yanaşma nəticəsində pandemiya səngiyib, 3 milyondan artıq vaksin vurulub. Azərbaycan risk qrupuna daxil olan ölkələr sırasında deyil. Beləliklə, nə iqtisadi, nə təhlükəsizlik, nə də pandemiya baxımından heç bir çətinlik yaranmayıb. Güclü Azərbaycan öz yoluna davam edir.

Şahin İsmayılovun sözlərinə görə beynəlxalq yarışların təşkilatçıları ölkəmizin gücünə və potensialına bələddirlər. Bunu şərtləndirən isə bir neçə amil var. Birincisi Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi bütün mötəbər tədbirlərdən üzüağ çıxmasıdır. İkinci amil müharibədən qalib ayrılmağımız və bunun iqtisadiyyatımıza, ölkədaxili sabitliyə heç bir mənfi təsir etməməsidir.
- 3-cü amil isə ondan ibarətdir ki, Azərbaycan həm də pandemiya əleyhinə beynəlxalq proseslərə kifayət qədər böyük töhfələr verib. Ölkə daxilində pandemiya ilə mübarizə ilə yanaşı, beynəlxalq tövsiyələrlə yadda qaldıq. Buna misal olaraq cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ilin may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünü, dekabr ayında isə Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini, Azərbaycan dövləti tərəfindən bir neçə dövlətə humanitar yardımların edilməsini, eyni zamanda, bütün bunlara görə ölkəmizin COVİD-19 ilə mübarizədə nümunəvi ölkə kimi qəbul edilməsini göstərə bilərik,- deputat deyib.

Millət vəkili qeyd edib ki, istənilən bir mübadilə proqramından, ya da səfərdən tutmuş, böyük tədbirlərə qədər hər bir görülən işin ölkənin tanıdılması və təbliğində özünəməxsus yeri olur. Beynəlxalq əhəmiyyətə malik tədbirlərin isə bu istiqamət üzrə müstəsna rolu var. Dünyanın diqqəti belə tədbirlərin keçirildiyi ölkədə olur: "Bu yarışların faydası Bakıya üz tutub gələn izləyicilərin ölkə iqtisadiyyatına, habelə, kiçik sahibkardan böyük subyektlərə qədər verdiyi qazancla kifayətlənmir. Tariximiz, mədəniyyətimiz, ölkə turizmi və milli mənəvi dəyərlərimizin təbliği işində misilsiz töhfələr verir. Belə yarışların keçirilməsi ölkənin təbliği üçün böyük bir fürsətdir. Həmçinin biz nəzərə almalıyıq ki, həm “Formula-1”, həm də futbol üzrə Avropa Çempionatı dünya üzrə ən çox izləyici kütləsi olan beynəlxalq idman yarışlarıdır”.

Deputat bu uğurlara ləkə atmaq istəyən qüvvələrin uğursuz cəhdlərinə də münasibət açıqlayıb:
- Arzuları yenə ürəklərində qaldı. Bəzi antimilli qüvvələr və onların xarici havadarları həmişəki kimi nə qədər çalışsalar da, istədiklərinə nail ola bilmədilər. Azərbaycana qarşı bu kampaniyaları aparan xarici qüvvələr ölkəmizin inkişafına maraqlı olmayan dairələrdir. Hər zaman olduğu kimi, iflasa uğradılar. Ölkə Prezidentinin düşünülmüş fəaliyyətinin nəticəsi olaraq bu gün regionda lider dövlətə çevrilmişik. Azərbaycanda keçirilən mötəbər tədbirlər isə ölkəmizin təbliği və inkişafına hesablanıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Yarış   Deputat   Azərbaycan   Formula1  





Xəbər lenti