19 ilin təcrübəsi, 1 ilin hesabatı: Azərbaycan diasporu son ildə nələrlə yadda qaldı

  19 ilin təcrübəsi, 1 ilin hesabatı:  Azərbaycan diasporu son ildə nələrlə yadda qaldı
  05 İyul 2021    Oxunub:2463
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 19 ili tamam olur. Komitənin dəstəyi və ümumi koordinasiyası ilə son bir ildə bir sıra mühüm tədbir və layihələr həyata keçirilib.
Ümumiyyətlə 2020 COVID-19, işğalçı Ermənistanın Tovuz təxribatı və Vətən müharibəsi kimi hadisələrlə yadda qalan bir sınaq ili oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Prezident-xalq birliyi sayəsində ölkəmiz, insanlarımız bu sınaqlardan alnıaçıq çıxdı. Bütün dünyada pandemiya ilə bağlı müəyyən məhdudiyyətlərin olmasına baxmayaraq, müxtəlif ölkələrdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi terror aktları, soyqırımıları, barbarlığını əks etdirən mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Buna misal olaraq diaspor təşkilatları tərəfindən 2020-ci il fevralın 22-də Almaniyanın paytaxtı Berlində Ümumavropa Qarabağ mitinqinin keçirilməsini göstərmək olar. 17 dildə səsləndirilən “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!”, “Dilqəm və Şahbaza azadlıq!” kimi şüarlarla beynəlxalq ictimaiyyətə çağırışlar edilməsini göstərmək olar. Berlin mitinqində 30 ölkədən 1300-dən çox soydaşımız, eləcə də dost xalqların diaspor nümayəndələri iştirak edib. Ümumilikdə, ötən il ərzində diaspor təşkilatları tərəfindən bu mövzuda 567 tədbir keçirildi ki, bu da qənaətbəxş sayıla bilər.

Diaspor COVID-19-la mübarizədə də aktivlik göstərdi

Diasporla İş üzrə Dövlət Komitəsi dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən tədbirləri əldə rəhbər tutaraq ilk gündən koronavirusa qarşı mübarizədə fəallıq göstərdi. İlk növbədə, koronavirus ilə bağlı informasiyalar yayıldıqdan dərhal sonra Komitə əməkdaşlarının maarifləndirilməsinə və virusa yoluxma hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərə başlanıldı.
Bundan başqa dövlət komitəsinin rəhbər heyətinin bir aylıq əməkhaqqının 50%-i Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüldü ki, bu da təqdir olunası haldır.
Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan Evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarımızla bağlı mütəmadi olaraq informasiyalar əldə edildi, onlara maarifləndirici tövsiyələr verilərək bütün mümkün vasitələrlə soydaşlarımıza mənəvi dəstək olmağa çalışıldı.

Qurum Koordinasiya Şuraları və Azərbaycan Evləri ilə əlaqələri intensivləşdirərək, soydaşlarımızla bağlı mütəmadi informasiyalar əldə etdi. Daxil olan informasiyalar emal edildikdən, müvafiq təsnifləşdirmələrdən və araşdırmalardan sonra problemlərin həlli istiqamətində addımlar atılmağa başlandı. Dövlət Komitəsinin imkanı və səlahiyyətləri daxilində olan məsələlərin həllinə dərhal qərar verilərək bir sıra müraciətlər isə əlaqədar qurumlara yönləndirildi.
Dünyanın 25 ölkəsini əhatə edən və 125 diaspor təşkilatını özündə birləşdirən 11 Koordinasiya Şurası, Şurada təmsil olunan bir sıra diaspor təşkilatları, eləcə də bir çox diaspor fəalları qərargah və qaynar xətt yaradıb soydaşlarımıza səsləndi ki, bütün mümkün köməyi etməyə hazırıq. Maraq üçün bildirək ki, 26 mart – 01 iyul komitəyə həmçinin xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Azərbaycanlıların Koordinasiya Şuralarının, diaspor üzvlərinin ünvanlarına ümumilikdə 5973 müraciət daxil olub. Müraciətlər İtaliya, Türkiyə, Almaniya, Fransa, Niderland Krallığı, Polşa, İsveç, İsveçrə, Birləşmiş Krallıq, Avstriya, Avstraliya, Rusiya da daxil olmaqla 51 ölkəni əhatə edir.
Eyni zamanda, bu müddət ərzində komitəyə 18 minə yaxın zəng daxil olub.
Müraciət edənlərdən 1991 nəfər Türkiyə, 851 nəfər- Ukrayna, 789-Rusiya, 565-İtaliya, 409 nəfər isə Gürcüstana aid olub.
Dövlət Komitəsinə 51 ölkədən daxil olmuş müraciətlərə, eləcə də Xarici İşlər Nazirliyi, səfirliklər tərəfindən edilmiş müraciətlərə əsasən 33 ölkə üzrə 6853 nəfərə maddi yardımlar edilib.
Bir məqamı da xatırladaq ki, COVID-19 pandemiyası ilə bağlı Vətənə dönə bilməyənlərlə bağlı məsələlər də operativ şəkildə öz həllini tapıb.
Belə ki, 22 nəfər azərbaycanlı 6 mart -12 may tarixlərində Belarusda, 75 nəfər azərbaycanlı 22 mart-28 apreldə Birləşmiş Ərəb Əmirliklərində (Dubay) 261 nəfər azərbaycanlı isə 11-19 aprel tarixlərində Rusiya-Azərbaycan sərhəddində (Dərbənd), qidalanma da daxil olmaqla, otellə təmin olunub.

Həmçinin 1 iyul 2020-ci il tarixədək dünyanın 50-ə yaxın ölkəsindən 500-dən çox soydaşımızın qatıldığı 45 videokonfrans da təşkil olunub.
Dövlət komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma”, “Liderliyin inkişafı”, “Azərbaycan qadın diaspor şəbəkəsi”, “E-akademiya” adlı proqramlar virtual şəkildə davam etdirilib.

Diaspordan Tövuz təxribatına sərt mövqe

Ötən il işğalçı Ermənistan ordusunun sərhədboyu ərazilərdə törərdiyi təxribatlar, dinc əhalini ağır artilleriya atəşinə tutması və insanları qətlə yetirməsi, o cümlədən yaşayış məntəqələrini yerlə yeksan etməsi barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində də mühüm əhəmiyyətli işlər görülüb. İyulda Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı komitə ilk gündən başlayaraq, soydaşlarımızla əlaqələri intensivləşdirib, diplomatik korpuslarımızın nümayəndələri ilə əlaqələri gücləndirilib. Ümumilikdə isə Tovuz təxribatı ilə bağlı komitə və diasporumuz tərəfindən bir sıra mühüm addımlar atıldı.
Bundan başqa, qurum icazəli aksiyaların şüar, baner, dövlət bayrağı, şəhidlərimizin şəkilləri və s. əyani vəsaitlərlə təminatına müvafiq dəstək də göstərib. Tovuz təxribatları və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı ingilis, rus və fransız dilində həqitələri əks etdirən mətn hazırlanaraq Azərbaycan Diaspor Könüllüləri, xaricdə və Azərbaycanda yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə 1000-lərlə məktublar göndərilib.

Vətən müharibəsində dövlət-diaspor birliyi

Öən il Vətən müharibəsi başlayan zaman, Prezidentin xalqımıza 27 sentyabr tarixli müraciətindən dərhal sonra 10 noyabr tarixinədək diaspor təşkilatlarımız və xaricdə yaşayan soydaşlarımıza komitə tərəfindən beş dəfə olmaqla 27 sentyabr, 4 oktyabr, 21 oktyabr, 7 noyabr və 10 noyabr tarxilərində müraciətlər ünvanladı. Mövcud vəziyyətlə əlaqədar olaraq, çevik fəaliyyətin təşkil edilməsi məqsədi ilə, həftənin 7 günü 24 saat ərzində (7/24) fəaliyyət göstərən “Qaynar xətt” istifadəyə verildi, növbəlilik prinsipinə əsaslanan işçi qrup yaradılaraq tədbirlər planı hazırlandı. Komitənin müraciətindən sonra 27 oktyabr 2020-ci il tarixinə qədər müxtəlif ölkələrin prezidentlərinə, rəsmi şəxslərinə, Xarici İşlər Nazirliklərinə, yerli idarəetmə orqanlarına, BMT Təhlükəsizlik Şurasına, NATO, ATƏT, Qırmızı Xaç və digər beynəlxalq təşkilatlara bəyanat, məktub və müraciətlər ünvanlandı. 10 noyabr tarixinədək 46 ölkədə fəaliyyət göstərən, o cümlədən 26 ölkəni əhatə edən 12 Koordinasiya Şurasında təmsil olunan 126 təşkilat da daxil olmaqla, 265 diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar tərəfindən 23 dildə 383 bəyanat (müraciət) qəbul edilərək müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara göndərilib. O cümlədən, Avropa Parlamentinin üzvlərinə 775 bəyanat, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa göndərilib.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən 12 Koordinasiya Şurası tərəfindən dünyanın aparıcı şəxsləri, beynəlxalq media nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatları, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən 4 700 məktub elektron poçt vasitəsi ilə göndərilib ki, bu da təqdir olunası hal sayılmalıdır.



Bundan başqa “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”nin 30 nəfərə yaxın üzvü Ermənistanın ölkəmizə qarşı törətdiyi 27 sentyabr 2020-ci il tarixli genişmiqyaslı hərbi təxribatlarla bağlı erməni əsgər analarına müraciət ünvanlayıb. O cümlədən, şəbəkənin və proqramın bəyanatları elektron poçt vasitəsiə 58 dövlət başçısına, 44 beynəlxalq təşkilata və 5 minə yaxın vəzifəli şəxsə göndərilib. Bir məqamı da xatırladaq ki, sentyabrın 30-da komitədə Azərbaycanda yaşayan icma rəhbərləri və nümayəndələri ilə görüş keçirildi. Görüşdə “Indian Assosieyşn Azərbaycan” İctimai Birliyi, Azərbaycanın Gürcü İcması, Azərbaycanın Ukrayna Konqresi, Azərbaycanın Rus İcması, “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyi, Pakistan Diasporu, Azərbaycanda yaşayan Axıska Türkləri, Dünya Axıska Türkləri Birliyi, Alman-Azərbaycan Cəmiyyəti, “Vaa Lʼhatzolas Nichei Yisroel” Yəhudi Humanitar Təşkilatı, Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin rəhbərləri iştirak etmişdirlər. Tədbirdə icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanan birgə bəyanat imzalandı.

Qeyd edək ki, ümumilikdə 36 xarici ölkədə 198 tədbir keçirilib ki, bunlardan 111-i yürüş-mitinq xarakterli olub. 27 sentyabr-10 noyabr tarixlərində dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olunub. Həmin tarix ərzində komitə və diaspor nümayəndələri tərəfindən ölkəmizlə bağlı həqiqətləri əks etdirən 393 məqalə hazırlanaraq 52 ölkənin müxtəlif qəzet və saytlarında 26 dildə ictimaiyyətə təqdim edilib.
Soydaşlarımız Paris, Nant, Lion, Hannover, Tuluz, Montoban, Rotterdam, Utrext, Varşava, Haaqa, Cenevrə, Toronto, Monreal-Kvebek, Viktoriya, Sidney, Okland, Nyu-York, Boston, Vaşinqton, Dallas, Çikaqo, Ohayo, Hyuston, Texas, Mayami, Yuta, Velinqton, şəhərlərində küçələrdə, dayanacaqlarda və ümumilikdə insanların daha çox olduğu yerlərdə xarici dillərdə hazırlanmış, müxtəlif tərtibatlı 100-ə yaxın şüar, afışa və posterləri yerləşdirib.
Avtomobillərin üzərində elektron lövhələrin yayımlanması məqsədi ilə, animasiya və videoroliklər hazırlanmışdır. Üzərində ölkəmizin ədalətli mövqeyini ifadə edən şüarlar olan avtomobillərin Boston, Vaşinqton, Nyu-York, Çikaqo, Stokholm, Berlin, Ontario, Ottava, Toronto, Monreal-Kvebek, London, Riqa, Sidney, Brisben kimi müxtəlif şəhərlərdə hərəkəti təmin edilib, ayrı-ayrı ölkələrdə reklam lövhələrində “Karabakh is Azerbaijan!” şüarları işıqlandırılıb.

YAŞAT marafonu bir daha sübut etdi ki, soydaşlarımız dövlətimizin yanındadır

Aydındır ki, bütün uğurlarımızın əsasında dövlətin qayğısı, dəstəyi dayanır. İstər dövlət başçısı möhtərəm cənab İlham Əliyev, istərsə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva daimi xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı ilə yanaşmış, Azərbaycan dövlətinin Vətəninə, milli kimliyinə bağlı olan hər bir soydaşımızın yanında olduğunu bəyan etmişdir. İstər cənab Prezident, istərsə də Mehriban Əliyeva Ordumuzun Vətən müharibəsində əldə etdiyi davamlı qələbələrlə bağlı çıxışlarında, müraciətlərində dəfələrlə Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndirib, onları təbrik edib. Bütün bunlar diasporumuza xüsusi stimul verir, onları daha sıx birləşməyə səsləyir. Məhz, bunun nəticəsidir ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın gücünü, soydaşlarımızın həmrəyliyini, xalq-Prezident, diaspor-dövlət birliyini bütün dünyaya nümayiş etdirdi.



Vətən müharibəsində Azərbaycan diasporunun nümayiş etdirdiyi birlik, Vətəninə, dövlətinə bağlılıq isə xüsusilə qeyd edilməlidir. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə, eləcə də müharibədən sonrakı dövrdə soydaşlarımız tərəfindən şəhid ailələrinə, sərhədyanı ərazilərdə yaşayan vətəndaşlarımıza və ordumuza 3 304 234 AZN dəyərində maddi dəstək göstərildi.
Rusiyadan Azərbaycana 2 ədəd “Dermatom” cərrahi aparatı və onun əlavə ehtiyat hissələrindən ibarət dəst, 92 ədəd İlizarov aparatı göndərildi. Bundan başqa komitənin dəstəyi ilə Rusiya Federasiyasının Primorye diyarında yaşayan Azərbaycan diasporu adından Vətən müharibəsi dövründə sağlamlığını itirmiş qazilərə 566 ədəd təkərli araba göndərilib.
Xaricdə yaşayan 10-larla soydaşımız, diaspor təşkilatları öz təşəbbüsləri, vətənpərvərlikləri ilə müharibə dövründə düşmənin təxribatından zərər çəkmiş mülki insanların yanında oldu, zərərçəkmiş ailələrə baş çəkdi və mümkün dəstəyi göstərdi.

29 aprel-31 may tarixlərində Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşəbbüsü ilə Vətən müharibəsi şəhidlərinin və yaralıların ailələrinə dəstək məqsədilə “YAŞAT” Marafonu təşkil edildi ki, bu marafonda da 1 000 000 manatdan artıq vəsait toplandı. Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb. Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri iştirak ediblər. 6 ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan xaricilər marafona qoşulmaqla bağlı çağırışlar səsləndirdilər.

Beləliklə, son biri ili xarakterizə edərək Azərbaycan diasporunun hansı işləri gördüyünü qısaca şərh etməyə çalışdıq. Bu gün yaranmasının 19 ili tamam olan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ümumi koordinasiyası ilə həyata keçirilən bu fəaliyyət, artıq diasporumuzun dünyada milli maraqlarımızın qorunmasında, həqiqətlərin təbliğində, ölkəmizin milli-mədəni və tarixi dəyərlərinin tanıdılmasında aparıcı gücə çevrildiyini göstərir.
Prezident İlham Əliyev ötən ilin sonunda Dünya azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrikində xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsində cəsarətli fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.
Dövlət başçımızın Azərbaycan diasporunun fəaliyyətinə verdiyi bu yüksək qiymət hər birmizdə qürur hissi yaradır və diasporumuzun gələcəkdə daha mütəşəkkil fəaliyyəti üçün önəmli stimuldur.

Tural Tağıyev
Azvision.az


Teqlər: Diaspor  






Xəbər lenti