Vasitəçilik növbəsi: Niyə bu dəfə Rusiya?

Vasitəçilik növbəsi:  Niyə bu dəfə Rusiya?
  05 İyul 2021    Oxunub:1539
Rusiyanın təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bunun əvəzində Azərbaycan bir müddət öncə olduğu kimi 15 erməni diversantı İrəvana təhvil verdi.
Maraqlıdır, Rusiya budəfəki xəritə probleminin həllində niyə aktivlik göstərdi?
Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanın diversantların bir hissəsini Ermənistana təhvil verib, bunun əvəzinə minalanmış ərazilərin xəritəsini əldə edəcəyi hadisədən bir gün əvvəl bəlli olub:

“Bakıda erməni diversantların məhkəməsində onların bəzilərinə 6 ay iş kəsildi. Bu o demək idi ki, həmin ermənilər azadlığa buraxılmalıydı. Çünki onlar artıq 6 aylıq həbs müddətini tamamlamışdılar. Belə də oldu. Diversantlar Emənistana təhvil verildi və Azərbaycan Füzuli ilə Zəngilan istiqamətində basdırılan minalanmış ərazilərin xəritəsini əldə etdi. Azərbaycan cəmiyyətində son proseslə bağlı əsasən iki sual səslənir. Birinci sual budur ki, Rusiyanın prosesdə iştirakı hansı amillərlə əlaqəli idi? İkinci sual isə minalanmış ərazilərin xəritəsi nə dərəcədə dəqiqdir?



Rusiyanın Ağdam ətrafında minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsində rolu olmadı. Əsas vasitəçi kimi Gürcüstan, Avropa İttifaqı və ABŞ təmsilçiləri çıxış etdilər. Müharibə bitdikdən sonra ilk dəfə idi ki, Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı olmadan razılaşma əldə edildi. Bu hal Kremli narahat etməyə bilməzdi. Rusiya Azərbaycan və Ermənistan arasında 10 noyabr və 11 yanvar bəyanatlarının müəllifi kimi Qarabağla bağlı proseslərə nəzarəti yalnız Türkiyə ilə bölüşmək məcburiyətində qalmışdı. ABŞ və Avropa İttifaqı, o cümlədən Rusiya ilə diplomatik münasibətləri olmayan qonşu Gürcüstan oyundankənar vəziyyətdə idi. Ona görə də, bu 3 mərkəzin Rusiyanın xəbəri olmadan Azərbaycan və Ermənistanla xəritələr və əsir diversantlar ətrafında apardığı danışıqlar və əldə etdikləri nəticə Kremli hərəkətə keçirdi.

Moskvanın tapşırığıyla Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Rüstəm Muradov Bakı və İrəvanla intensiv danışıqlara başladı. Rüstəm Muradovun əldə etdiyi nəticə ABŞ, Avropa İttifaqı və Gürcüstan təmsilçilərinin əldə etdikləri birgə nəticədən az əhəmiyyətli olmadı. Əgər 3 mərkəz 15 ermənini bir xəritəyə dəyişmişdisə, Rüstəm Muradov 15 ermənini iki rayonun xəritəsinə dəyişməyə müvəffəq oldu”.

Politoloq deyir ki, əslində Qarabağla bağlı bütün məsələlərin Rusiyanın iştirakı və vasitəçiliyi ilə həlli Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya özünü bölgənin əsas sahibi kimi aparır:

“Misal üçün, Rusiya prezidenti Azərbaycanın başı üzərindən fransalı həmkarıyla Qarabağa maliyyə və humanitar yardım barədə telefonla danışır, müzakirə aparır. Halbuki, bu telefon danışığının ardınca diplomatik etika Rusiya prezidentinin Azərbaycan Prezidentinə zəngini və Parislə Qarabağla bağlı aparılan danışıqların təfərrütlarının azərbaycanlı həmkarının diqqətinə çatdırılmasını diqtə edirdi.

Buna baxmayaraq, Azərbaycan minalanmış ərazilərin xəritələrini əldə etməkdə davam edir və bu gələcək planlarımızın – köçürülmənin və inşaat çalışmalarının sürətlənməsinə şərait yaradacaq. Qarabağda yaşayan ermənilərin sayı 30-35 min arasındadır, bunu özləri də etiraf edirlər. Qarabağa köçürüləcək yüz minlərlə soydaşımız erməni separatizminə növbəti zərbə olacaq.

Minalanmış ərazilərlə bağlı xəritələrin dəqiqliyinə gəldikdə, Azərbaycan Müdafiə Nazirliyinin xəritələrlə bağlı açıqlaması yoxdur. Əgər birinci dəfə Ağdam ətrafında basdırılan minaların xəritəsi saxta olsaydı, Füzuli və Zəngilan rayonları ətrafında basdırılan xəritələrlə bağlı razılaşma olmayacaqdı. Ancaq mümkündür ki, bu xəritələrin xaricində də basdırılan minalar var və qarşı tərəf bunu bizdən gizlətməyə çalışır. Demək erməni diversantların bir hissəsini hələ təhvil verməməliyik”.

Tural Tağıyev



Teqlər: Rusiya   Mina   Ermənistan   Azərbaycan  





Xəbər lenti