"Qarabağın bərpasını birlikdə həyata keçirəcəyik"- Yücel Yalçınkaya

   "Qarabağın bərpasını birlikdə həyata keçirəcəyik"-   Yücel Yalçınkaya
  05 İyul 2021    Oxunub:1619
“İşğaldan azad edilən ərazilər həm Azərbaycan, həm də bölgə üçün ciddi iqtisadi perspektivlər açıb”.
Bu barədə Azvision.az –a açıqlamasında “Anadolu Birləşdirici və Sənayeçi İş Adamları Dərnəyi”nin rəhbəri Yücel Yalçınkaya bildirib. O qeyd edib ki, ayrı-ayrı ölkələrin Qarabağa olan iqtisadi marağı anlaşılandır:

“Öncə bir məsələni xüsusi olaraq qeyd edim ki, Azərbaycanın Vətən müharibəsindəki Zəfəri bütün türk dünyasının qələbəsidir. Bu nailiyyət Azərbaycanla yanaşı türk dünyasının həm iqtisadi, həm də siyasi anlamda sürətli yüksəlişi üçün bir dönüş nöqtəsidir. Yaxın gələcəkdə hamımız bu prosesin şahidi olacağıq”.

Yücel Yalçınkaya əlavə edib ki, Türkiyə Azərbaycanın qardaşı olaraq həmişə onun yanında olub, bundan sonra da hər zaman iki dövlət birgə addımlayacaq:

“Tarixin heç bir dönəmində Azərbaycanla Türkiyə bir-birinə dövlət olaraq bu qədər yaxın olmayıb. Xalqlarımız tarixin bütün dövrlərində bir birinə qucaq açıb, bağrına basmaq istəyib. Amma sovet dönəmində və tarixin müxtəlif mərhələlərində biz ayrı düşmüşdük. Şükürlər olsun ki, artıq birik və birlikdə addımlamağa davam edəcəyik. Qısası bundan sonra Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq. Qarabağın bərpasını isə birlikdə həyata keçirəcəyik. Yaxın zamanlardan etibarən bütün dünya sürətlə yüksəlişimizə şahidlik edəcək”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qarabağ   Türkiyə   Azərbaycan  






Xəbər lenti