Qiymət artımı daxili turizmdə imkanları xeyili məhdudlaşdırır - Deputat

Qiymət artımı daxili turizmdə imkanları xeyili məhdudlaşdırır -  Deputat
  06 İyul 2021    Oxunub:852
Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edilir. Monitorinqlər göstərir ki, bölgələrimizdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyili yüksəldiblər. Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, turizm xidmətlərində qiymət artımlarının səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarların pandemiyadan sonra “daha qısa zamanda daha çox gəlir” əldə etmək prinsipi ilə işləyəcəyi danılmazdır.

Deputat vurğulayıb ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür: "Avropa İttifaqında turizm gəlirlərinin 80 faizi daxili turizm hesabına formalaşır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyili məhdudlaşdırır. Bir tərəfdən, sahibkarların qiymətləri artırmaması, əksinə optimallaşdırması üçün daha çox təşviqedici və maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiqi məqsədəuyğun olardı. Eyni zamanda, qonşu Türkiyədə olduğu kimi ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarların xərclərinin azaldılmasına nail olmaq mümkündür".

V.Bayramova görə, bütün bunların fonunda sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri də vacibdir.

"Doğrudur, tələb artanda əksər hallarda qiymətə təsir edir. Turizm spesfik sahə olduğu üçün burada qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalana bilsinlər".

Azvision.az





Teqlər: VüqarBayramov   Turizm  






Xəbər lenti