Şəhid Ülvi Məhərrəmovun xatirəsi anıldı

Şəhid Ülvi Məhərrəmovun xatirəsi anıldı
  06 İyul 2021    Oxunub:1731
Sumqayıtda şəhid Məhərrəmov Ülvi Tahir oğlunun doğum günündə xatirəsi anılıb. Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əvvəlcə şəhidin ailə üzvləri ilə görüş keçirilib, daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub.
Azvision.az xəbər verir ki, anım tədbirində çıxış edənlər Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs ediblər. Bildirilib ki, cəmi 44 gün ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında, həm də informasiya məkanında mənfur işğalçının və onun havadarlarının illərlə hazırladıqları və həyata keçirməyə çalışdıqları xain planlarını boşa çıxartdı, böyük səbir, təmkin və qətiyyətlə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi.

Vurğulanıb ki, şəhidlərimiz heç vaxt unudulmur və hər birimiz onlara borcluyuq. Tarix yazan qəhrəmanlarımız daim fəxr və iftixarla anılacaq.

Daha sonra şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildiriblər.

Qubadlı rayonunun Sarıyataq kənd sakini Ülvi Məhərrəmov 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirərək Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuşdu. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı bitirərək leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyinat alıb.

O, Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 14-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalaraq Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Prezidentin Sərəncamı ilə Məhərrəmov Ülvi Tahir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti