İki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti: Oxçuçay fəlakəti

   İki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti:   Oxçuçay fəlakəti
  06 İyul 2021    Oxunub:3675
“Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. Bu həm işğal altında saxladığı torpaqlarımızda həm də transsərhəd çaylarımızda baş verib”.
Bu barədə Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan cəzasız qaldığı illər ərzində ekoloji terror siyasətini bir sistem halına gətirib və Azərbaycana külli miqdarda ziyan vurub:

“Şübhəsiz ki, onun bu əməlləri öz hüquqi qiymətini alacaq və mütləq cəzalandırılacaqlar. Ancaq bu məsələnin yalnız bir tərəfidir. Məsələnin başqa mühüm bir tərəfi isə odur ki, terrorçu dövlət bu cinayəti tək törətməyib və bu işdə Avropadan olan bəzi ölkələrin timsalında özünə cinayət ortağı da tapıb. Məsələn, Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi işində Ermənistanın yaxın ortağı olub. Beləliklə, iki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb".



Deputat deyir ki, başqa vaxt insan hüquq və azadlıqlarından həvəslə bəhs edən hətta zaman-zaman qərəzli olaraq Azərbaycanı bu məsələlərdə qınayan Almaniya mətbuatı və hökuməti isə nədənsə ona aid olan şirkətin ekoloji terror fəaliyyətinə göz yumur:

"Azərbaycan mətbuatının məsələ ilə bağlı çaldığı həyəcan təbilini eşitməzlikdən gəlirlər. Almaniyanın Azərbaycandakı səfiri sanki məsələni ört basdır etməklə ictimai gündəmdən çıxarmağa çalışır. Bu ölkənin “Yaşıllar” Partiyası isə ümumiyyətlə mövzu ilə bağlı mövqe bildirməyə belə lüzum görmür. Deməli belə nəticə hasil olur ki, Almaniyada demokratiya da, insan hüquqları da, ekoloji siyasət də yalnız almanların mənafeyi baxımından lazımlı olanda əhəmiyyətli olur. Başqa digər hallarda isə Almaniyadan kənarda hətta belə cinayətlərə ortaq olmaq belə pis əməl sayılmır. Bu azmış kimi Almaniya mətbuatı Azərbaycana qarşı çəkindirici vasitə kimi məsələni gündəlikdən çıxarmaq üçün hələ bir informasiya terroru da həyata keçirir. Bütün bunlar Qərbin riyakar siyasətinin bariz nümunələridir. Ancaq Azərbaycan mütləq belə hərəkətlərin qiymətləndirilməsinə və cəzalandırılmasına nail olacaq".

Tural Tağıyev
Azvision.az





Teqlər: Oxçuçay   Ermənistan   Cinayət  






Xəbər lenti