“Hansı “Dağlıq Qarabağ?!” – Millət vəkili Rusiya sülhməramlılarına etiraz etdi

      “Hansı “Dağlıq Qarabağ?!”    – Millət vəkili Rusiya sülhməramlılarına etiraz etdi
  09 İyul 2021    Oxunub:1214
“Mən buradan 44 günlük savaş zamanı üzərinə 16277 mərmi, 21 qadağan olunmuş raket yağdırılan, təkcə göstərdiyi dəyanətlə deyil, həm də üzləşdiyi dağıntıyla “Azərbaycanın Stalinqradı”na çevrilən Tərtərin deputatı olaraq, həmin dağıntıların nəticələrinin aradan qaldırılması və zərər görənlərə kompensasiyanın ödənilməsilə bağlı ard-arda 4 Sərəncam imzalayraq, özünün ehtiyat fondundan 42 milyon manat ayrıan cənab Prezidentə təşəkkür edirəm”.
Bu sözləri Milli Məclisin bugünkü iclasında Tərtərin millət vəkili Sahib Alıyev deyib. O, həm özünün, həm də görüşdüyü seçicilərin adından Tərtərin Dağlıq Qarabağ iqtisadi rayonunun mərkəzindən Qarabağ İqtisadi rayonunun bir parçasına çevrilməsini təsbit və təsdiqliyən Fərmanına görə də dövlət başçısına təşəkkür edib.

- Bu, bolşeviklərdən qalma uydurma Dağlıq Qarabağ anlayışının tarixin zibilliyinə atılmasının artıq rəsmi səndlə də təsdiqlənməsidir ki, məmnunluq doğurmaya bilməz. Eyni zamanada, o da məmnunluq doğurmaya bilməz ki, dövlətimizin inzibati ərazi vahidlərindən biri də “Şərqi Zəngəzur” adlandırılır. İqtisadi mahiyyət daşımaqla yanaşı, hesab edirəm ki, bu həm də çox mühüm siyasi və geosiyasi çəksisi olan, tarixi gerçəklərə, Şuşa Bəyannaməsilə daha da möhkəmlənən mövqeyimizə, Azərbaycanın bugünkü qüdrətinə dayanan və möhtəşəm gələcəyinə hesablanan bir addımdır,- deputat bildirib. - Nəslinin bir qolu da Zəngəzurda yaşamış, sonra bəlli səbəblərdən Naxçıvana, Azərbaycanın digər yerlərinə üz tutmuş biri kimi istərdim soruşam ki, nədən bəzi çevrələr yenidən hayları zorla gəlmə olduqları torpaqlara geri qaytarmağa, qaytardıqlarının sayını olduğundan iki dəfə artıq təqdim etməyə çalışdıqları halda, bizim də belə bir haqqımızın varlığını unudurlar? Axı elə həmin Zəngəzurun vahid bir orqanizm olduğu, şərqindəki kimi qərbində də əsrlər boyu məhz azərbaycanlıların yaşadıqları heç kimə sirr deyil.

Paşinyanın Moskva səfəri ərəfəsində Ermənistan-Azərbaycan sərhədində və Qarabağda baş verən isidentlərə toxunan deputat deyib ki, Kəlbəcərdə, Tovuzda və Ağdamda xidmət edən hərbçilərimizin atəşə tutulması təxribatdır: “Amma kimin təxribatıdır? Bəlkə yenə də atan, yaxud da atdıran kazaklardır? Əgər kazaklar deyilsə, onda Ağdamda baş verən insidentlə bağlı Qarabağdakı Rusiya hərbi kontingentinin komandanlığının açıqlaması nədən regionda yaranmış reallığı özündə əks etdirmir? O açıqlamada Dağlıq Qarabağdan, Martunidən söhbət gedir. Sual olunur: hansı Dağlıq Qarabağ, hansı Martuni, bizdə axı belə bir ərazi vahidləri yoxdur?! Qarabağdakı Rusiya hərbiçiləri belə bir anlayışın olmadığını bildirən dövlətin başçısının iznilə oradadırlar. Azərbaycan torpaqlarına onlar məhz sülh yaratmaq, Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərini, terrorçu ünsürləri oradan çıxarmaq üçün buraxılıblar. Niyə bu, yaddan çıxarılır?
Hər kəs anlamalıdır ki, artıq kimsə bu regionda münaqişə ocaqalrını qoruyub saxlamaq və yenilərini yaratmaqla öz məqsədlərinə çata bilməyəcək ki, bunu cənab İlham Əliyevin 24-cü İqtisadi Zirvə Toplantısına göndərdiyi təbrik məktubunda Şuşa Bəyannaməsilə bağlı fikirlər də təsdiqləyir. Və hər kəs onu da anlamalıdır ki, “Kanada ABŞ-a özündən daha yaxındır” deyimində olduğu kimi, Ermənistan da əslində Azərbaycana özündən daha yaxındır.
Xankəndi və ətrafındakı bir neçə yaşayış məntəqəsinə gəldikdə isə, onlar Qarabağ iqtisadi rayonunun bir parçasıdırlar ki, orada yaşayanlar bunun nə demək olduğunu dərindən anlasalar, özlərini təbrik edə bilərlər”.




Teqlər: Dağlıq-Qarabağ   Ermənistan   Zəngəzur  





Xəbər lenti